"İlk olaraq qeyd edim ki, mən sənətə gəldiyim ilk gündən media ilə, mətbuat işçiləri ilə dost olmuşam, hər zaman onları yanımda görmüşəm və bu hər zaman belə olacaq"
Unikal.org xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında xalq artisti Aygün Kazımova Lider TV-nin bayram çəkilişi zamanı mətbuat işçiləri ilə arasında yaşanan anlaşılmazlığa münasibət bildirərkən deyib.
Xalq artisti qeyd edib ki, həmin ərazidi sayt əməkdaşlarının olduğundan xəbərsiz olub və konsertə də telekanal izləyicilərini təbrik etmək üçün qatılıb:
"Mən ümumiyyətlə konsertin formatından, ssenarisindən xəbərsiz idim. Ora digər müğənnilər kimi dəvət almışam və təbrik üçün səhnəyə çıxmışdım. Hətta orada müsahibə də verdim və əsgərlərimizi yeni il münasibətilə təbrik etdim. Bir daha qeyd edirəm ki, mən ümumiyyətlə orada jurnalistlərin olmasından xəbərsiz olmuşam, onların çadıra buraxılmama səbəbini də bilmirəm. Mən orada jurnalist dostlarımızın olmasını saytlardakı xəbərlərdən oxudum. Yaxşı olar ki, jurnalistlərin çadıra buraxılmamasının səbəbini məndən yox, konsertin təşkilatçılarından soruşsunlar. Bu əgər mənim öz konsertim olsaydı və jurnalistlər ora buraxılmasaydı, yazılanlar haqlı olardı. Amma bir daha qeyd edirəm ki, mən hadisədən xəbərsiz olmuşam. Əgər orada jurnalistlər mənə yaxınlaşsaydı və mən onları saytlardakı yazıldığı kimi həmin ərazidən qovsaydım, o zaman onlar haqlı olardı. Ancaq öz adımdan deyə bilərəm ki, belə hal heç vaxt ola bilməz"
Aygün Kazımova media ilə onun arasına girmək istəyən şəxslərin olduğunu deyib:
"Görünən odur ki, bəzi şəxslər mənim mətbuatla olan səmimi münasibətimdən narahat olublar və mənə qarşı belə bir addım atıblar. Tamaşaçılar da bilir ki, mən bu günə qədər hətta jurnalistlərin belə ağlına gəlməyən səmimi açıqlamaları məhz mediaya vermişəm. Bu hər zaman da belə olacaq, kimlərsə bizim aramıza girmək istəyirsə, bu həmin şəxslərin problemidir. Bir daha qeyd etmək istəyirəm ki, o konsert Lider TV-nin idi və orada açılan çadırda kimin olub, kimin olmadığından, kimin oradan çıxarılmasından xəbərsiz olmuşam. Hətta mən orada bir nəçə fotoqraf üçün pozlar da vermişəm və sonradan köməkçim mənə dedi ki, onlar sayt fotoqrafları olublar. Bir daha deyirəm ki, heç kim mənim jurnalistlərlə aramı vura bilməz.
Xalq artisti eyni zamanda ondan incik düşən jurnalistlərlə hər zaman görüşüb, onları dinləməyə hazır olduğunu da deyib.
Xatırladaq ki, bu gün "Qafqazinfo" xəbər portalında Aygün Kazımovanın jurnalistləri çadırdan qovduğu haqda xəbər yayımlanıb.