"Kürəkənim Antakyada anadan olub, İstanbulda yaşayır. Filmlərdə çəkilir. Bizdə necə Həsənağa Turabov, Fəxrəddin Manafov ancaq ciddi filmlərdə çəkilirsə, o da orada elədir.
Unikal.org-un məlumatına görə, bu sözləri əməkdar artist Cavanşir Məmmədov "Həyat tərzi verilişində deyərək ilk dəfə kürəkəni olan türkiyəli aktyor Arif Selçukdan danışıb. O, qızı Xatirənin onunla necə tanış olmasını açıqlayıb:
"Məni onun hansı peşə sahibi olduğu maraqlandırmır. İnsan gərək əqli-kamalı, əxlaqı düz ola. İnsan boşanmaq üçün yox, ömür boyu birlikdə yaşamaq üçün evlənməlidir. Qız evinə çox gələn olar, gəlirdilər də. Qaynımın baldızı Türkiyədə yaşayır. İndiki kürəkənimin ailəsi onun bacısı ilə tanışdılar. Bu məsələdə burdan qaynaqlandı. Bir ilə yaxındır bu söhbət var idi. Oğlan Bakıya gəldi, oturub danışdıq. Sonra bizə elçi gəlmələrini istəmədim. Özüm Antakyaya getdim. Soraqladım, hamı da yaxşı danışdı. Mən sovet dövrünün tərbiyəsini görmüşəm. O vaxt deyirdilər övlad tez ailə qursun. Amma indi əgər övlad peşə sahibi olmayıbsa, əli çörəyə çatmırsa, ailə qurmamalıdır. Gündə bir dəb, maşın çıxır. Ailəni qurdun, necə dolanacaqsan? Qonşuya baxıb həsəd aparmaq olmaz.
C.Məmmədov bildirib ki, kürəkəni ailə qurduqdan sonra Bakıya köçüb:
"Qızım dövlət işində işləyir, buradan gedə bilməz. Ona görə də onlar Bakıda yaşayır. Kürəkənimin meneceri ssenari olanda bura göndərir, oxuyur. Lazım olanda, gedib orada çəkilib gələcək. Mənim gözlədiyim səviyyə, insani xüsusiyyət özünü doğruldub. Qabiliyyətli, tərbiyyəli oğlandı.
Müğənni övladına toy etməyi düşünmədiyi söyləyib:
"Bir dəfə Türkiyədə toy oldu. Mənim burada məclis etmək fikrim yoxdur. Toy, brilyant mənə lazım deyil. Toysuz xoşbəxt olan cavanlar çoxdur. İnsanlar bir-brini başa düşməlidir. Qızımın Bakıda da, Türkiyədə də evi var.