"Bir onu deyə bilərəm ki, mən ailəli qadınam..."
Unikal.org xəbər verir ki, bu sözləri lent.az-a müsahibəsi zamanı aktrisa Həmidə Ömərova deyib.
O, həyat yoldaşı ilə tanışlığından danışıb. Müsahibədən kiçik bir hissəni təqdim edirik:
"Bəlkə də bizim kino 1993-cü ildə böhrana uğramasaydı, mən heç ailə qurmazdım. Buna mənim vaxtım yox idi. Bir gün Bakıda çəkilirdim, bir gün Şəkidə, bir gün İranda... Və İrandakı çəkilişlərin birində bir qadın məndən soruşdu: sənin neçə uşağın var? Dedim, nə uşaq? Mən heç ailə qurmamışam. Dedi, neçə yaşın var? Qayıtdım ki, 34. Dedi, aaa... bəs sən nə vaxt uşaq doğacaqsan? Bu söz elə bil mənim yeddi qatımdan keçdi. Axı Bakıda heç kim mənə bu sözü deməmişdi. Elə bil yuxudan ayıldım. Və qarşıma məqsəd qoydum ki, Bakıya qayıdan kimi ailə quracam.
- Kimliyindən asılı olmayaraq?
- Hə. Özümə söz verdim ki, Bakıya dönən kimi kim mənə birinci evlilik təklif etsə, ona da ərə gedəcəm.
- Sevgisiz?
- Qəribədir ki, mən sevib ailə qurdum. Bakıya qayıdandan bir müddət sonra yoldaşımla tanış oldum. Onun öz aləmi vardı. O, yeganə kişi idi ki, mən bir qadın kimi onu qətiyyən maraqlandırmırdım. Mən də qarşıma məqsəd qoydum ki, onu özümə cəlb edəcəm. Çox quru adam idi. Sonra yavaş-yavaş ünsiyyətimiz yarandı. Qəribə adam idi, açığı mən onu heç vaxt başa düşmədim. Onun sevgi etirafı da qəribə oldu. Həmin gün möhkəm yağış yağırdı. Mən də hər dəfə naharda çıxıb evə gedirdim. Çıxdım bayıra, gördüm dayanıb yağışın altında... Düz 45 dəqiqə saxladı məni, ordan-burdan danışdı, nahara da gecikdim. Sağollaşıb qayıtmaq istəyirdim ki... bircə kəlmə dedi: istəyirəm səni. Çönüb baxdım. Gördüm yağışdan elə islanıb ki... Mən ona inandım.
- Nəticəsi?
- Nəticəsi o oldu ki, bu gün o məhəbbətin bəhrəsi olan yaraşıqlı bir oğlumuz var.
- Amma deyəsən, sən elə onu sona qədər başa düşmədin.
- Sadəcə, anladım ki, biz tamam başqa-başqa adamlarıq. Maraq dairələrimiz özgədir. Ümumiyyətlə, mən belə hesab edirəm ki, çox sənətkarların şəxsi həyatı uğursuz olur. Əgər kiminsə ailəsi dağılmayıbsa, demək onlar öz övladlarına görə yaşayırlar.
- Yaralı qu quşunun sevgi nağılı nə qədər çəkdi?
- Ömrünü saymadın. Amma bir onu deyə bilərəm ki, mən ailəli qadınam.
- Bəlkə özünü ailəsinə qurban vermiş qadın?
- (dərd yağan gözləri yol çəkir) - Hə.....