Yoldakı buzu təmizləyərkən qadını maşın vurub öldürməsi xəbəri sosial şəbəkələrdə geniş müzakirə edildi. İnsanların bir çoxu yaşlı qadını bu kimi işlərdə çalışdıran qurumları qınadı.

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafanın bu barədə fikirlərini öyrəndik. 

O,Unikal.org-a açıqlamasında bildirdi ki, Azərbaycanda insanlar çörəkpulu uğrunda mübarizə aparır və belə olduğu halda məsələni irad olaraq göstərməyin mənası qalmır: "Avropa və başqa yerlər olsa idi yaşlı qadının yolda qar, buz təmizləməsinə münasibətim mənfi olardı. Burada insanlar çörəkpulu uğrunda mübarizə aparlrıar. Yaşamaq üçün insan haradansa özünün təminatını həyata keçirməlidir. Məsələni irad olaraq göstərməyin mənası qalmır. Bu insan kefindən gedib küçə süpürüb, qar təmizləmir. O yaşlı qadın aldığı 100-150 manatla gündəlik çörəyini, qidasını təmin etmək məcburiyyətində qalır. Ona görə də biz elə etməliyik ki, insanların sosial rifahı yaxşı olsun. Avropada olduğu kimi Azərbaycanda da insanlar bu yaşda təqaüd alıb dincələ, normal yaşaya bilsinlər. Bu şərtlər yoxdursa, insanları və ya onları işə götürlənləri qınaya bilmərik. Kimsə maşını yaxşı sürə bilmirsə, müəyyən problemlərin yaranmasına səbəb olursa, burada yaşlı insanı da qınmaq olmaz. Həmin avtomobil orada işləyən gənci də vurub öldürə bilərdi.

Qeyd edək ki, dünən Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində yolun kənarındakı qar qalıqlarını təmizləyən qadını avtomobil vurub. Naməlum sürücünün idarə etdiyi nəqliyyat vasitəsi 40-45 yaşlı qadını vuraraq 10-15 metr kənara atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Qəzanı törədən sürücü avtomobili ilə birgə qaçıb.

Həsən Babayev