Artıq bir neçə ildir ki, Azərbaycanda Beynəlxalq Muğam Festivalı keçirilir. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam televiziya müsabiqəsində seçimlərə yenidən start verilib.
Unikal.org-un məlumatına görə, layihənin icraçısı Nadir Axundov bildirib ki, seçim turu indiyədək Gəncə, İsmayıllıda baş tutub: "Hazırda seçimlər Bərdədə və sabah isə Ağcəbədidə keçiriləcək. Hazırda 300-dən çox iddiaçı var. Bu il İranın Təbriz şəhərindən 6 nəfər də müsabiqədə iştirak edəcək və bu bizə çox xoşdur. Bundan sonra Bakıda 4 günlük dinləmələr olacaq. İyirmilik seçildikdən sonra mart ayında yeni muğam televiziya müsabiqəsi başlayacaq.
Qeyd edək ki, müsabiqənin münsiflər heyətinin tərkibi olduğu kimi qalıb. Jüriyə Sərdar Fərəcov, Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov və İlqar Təhmi daxildir.
Müsabiqənin münsiflər heyətinin tərkibinə xalq artisti Canəli Əkbərov qatılmaq istəsə də, digər münsiflər bundan imtina edib. Onlar unikal.org-a açıqlamasında deyiblər ki, Canəli Əkbərov münsif kimi heyətə qatılarsa, onlar burda iştirakdan imtina edəcəklər.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov unikal.org-a deyib ki, biz 5 müsabiqəni yola vermişik və hazırda 6-cı müsabiqənin seçimlərinə start verilib. "Mən şəxsən Canəli Əkbərovun münsiflər heyətində təmsil olunmasını istəmirəm. Çünki o adam çox qərəzlidir və hazırkı müsiflər heyətinin hamısı ilə küsülüdür. Canəli Əkbərov heç kimlə yola getmir və əgər kimsə dava-qırğın istəyirsə, qoy, o, bu müsabiqəyə qatılsın. Şəxsən o bu müsabiqədə iştirak edərsə, mən münsif kimi burada qalmaqdan imtina edəcəm. Burada mənim məqsədim muğamımızın inkişafıdır və o isə qərəzli adamdır. Bu adamla yola getmək mümkün deyil. Bu adam ağzına gələni hər yerdə, xüsusən mətbuatda danışır.
Xalq artisti Səkinə İsmayılova unikal.org-a bildirib ki, Canəli Əkbərov heç zaman müsabiqədə iştirak etməyib və bundan sonrada iştirakını istəmir: "Hazırkı münsiflər heyətində seçimlərdə fikirlərimiz ayrı-ayrı olsa da, sonda bir-birimizi tamamlaya bilirik. Mənə elə gəlir ki, Canəli Əkbərov bunu bizimlə etməyəcək. O adam sağlam bir iş ortaya çıxarmayacaq. Mənə elə gəlir ki, hazırkı heyətlə biz hər şeyin öhdəsindən layiqincə gələ bilirik.
Xalq artisti Arif Babayev unikal.org-a maraqlı mövqe bildirib. "Vallah Canəli bizim düşmənimiz deyil. Amma o, bizim işimizə problem yaradır. Bu layihə Mehriban xanım Əliyevanın ərsəyə gətirdiyi proyekt olduğu üçün istəmirik ki, burada söz-söhbət olsun. Mən onu başqa müsabiqələrdə də görmüşəm və daim problem yaradır. Hazırda kollektiv onu istəmir və o cümlədən mən. Nə qədər ona dərs keçəsən? Nə qədər deyəsən ki, bu belə yox, başqa cürdür? Bunu burda demək olmaz. Bu mümkün deyil. Ona görə bu böyük bir layihə olduğu üçün istəmirik ki, burada skandal olsun. Burada işlər çox gözəl və hər şey qaydasındadır.
Xalq artisti Əlibaba Məmmədov unikal.org-a deyib ki, Canəli Əkbərov müsabiqəyə gələrsə, o da iştirakdan imtina edəcək: "Mən şəxsən öz adımdan danışıram. Münsif kimi Canəli Əkbərovun orada iştirakının tərəfdarı deyiləm. O iştirak edərsə, mən bundan imtina edəcəm.
Xalq artisti Sərdar Fərəcov unikal.org-a açıqlamasında vurğulayıb ki, Canəli Əkbərov bizim hörmətli sənətkarımızdı. "Amma müsabiqə kollektivlik sevir və burada təmsil olunan hər bir adam professionallıqdan başqa, bir -birlərinə insani münasibət bəsləyirlər. O adam mətbuatda da öz həmkarları haqqında mənfi fikirlər səsləndirir. Bu adamın dedikləri istər-istəməz ünvanına çatır və hamısı tərəfindən inciklik yaradır, - deyə xalq artisti fikrini tamamlayıb".
Amid Əyyuboğlu