Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın "Yol əhvalatı" kinokomediyası özbək dilinə dublyaj olunub.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, özbək dilinə dublyaj olunmuş "Yoldagi hangoma" filminin ssenarisi Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə özbək tərcüməçi Rüstəm Cabbarov tərəfindən Azərbaycan dilindən özbəkcəyə tərcümə edilib. Kinokomediyanın dublyajını Daşkənddəki "Ramsel-film" studiyası həyata keçirib.
Dublyajda Özbəkistanın bir sıra xalq və əməkdar artistləri iştirak ediblər.
Qeyd edək ki, Sovet dövründə "Arşın mal alan", "O olmasın, bu olsun", "Qayınana", "Əhməd haradadır", "Nəsimi" bədii filmləri Özbək dilinə dublyaj olunub və hazırda da Özbəkistanda televiziya kanallarında nümayiş etdirilir.