"Radio New Zealandın yaydığı məlumata görə, daha 200 delfin Yeni Zelandiyanın Cənub adası sahillərinə çıxıb.

Yerli Təbii Ehtiyatların Mühafizəsi Departamentinin əməkdaşı Mayk Ouql radiostansiyaya bildirib ki, hadisəyə səbəb köpək balığının hücumu ola bilər.

M.Ouqlun bildirdiyinə görə, delfinlərdən birinin bədənində kiçik, lakin təzə diş yerləri aşkar edilib. Ola bilsin ki, delfinlərin hərəkəti bununla bağlı olsun.

Xəbər verdiyimiz kimi, bir gün əvvəl 400-dən çox qrind-delfini Cənub adasının sahillərinə çıxmışdı. Könüllülərin cəhdlərinə baxmayaraq, onlardan yalnız 100-nü xilas etmək mümkün olmuşdu.



AZƏRTAC-ın xüsusi müxbiri Tokio