"Şəxsi düşüncələrə və fikirlərə hörmətlə yanaşıram. Amma elə məsələlər var ki, orada şəxsi fikirlər və şəxsi nümunələr rol oynamır.
Bunları Unikal.org-a Ümid Partiyasının sədri İqbal Ağazadə politoloq Zərdüşt Əlizadənin mərhum prezident Əbülfəz Elçibəy haqqında səsləndirdiyi aşağılayıcı fikirlərə münasibət bildirərkən deyib. 
O, qeyd edib ki, Z.Əlizadə bu istiqamətdə mövqeyini başqa şəkildə ifadə edə bilərdi: "Xüsusilə millətin adı məsələsində, uzun yol keçmiş dəyərlər üzərində formalaşmış fikirləri dağıtmağa cəhd edən məsələlərdə toplumun və ictimai fikrin, keçilən yolun özünə, doğru-dürüsüt dəyər verilməməsi yaxşı hal deyil. Hesab edirəm ki, Zərdüşt Əlizadə bu istiqamətdə mövqeyini aşağılayıcı formada yox, başqa şəkildə ifadə edə bilərdi. Millətimizin adına gəlincə, 1937-ci ilə qədər biz Azərbaycan türkləri olmuşuq, şəxsiyyət vəsiqəmizdə türk yazılıb. Bunu bilmək üçün tarixçi olmağa ehtiyac yoxdur. Bunun üçün tarixə kiçik ekskursiya etmək və yaxud ata-babaların passportlarında milliyyətinə baxmaq yetərlidir. Hər kəsə aydındır ki, bu Stalin tərəfindən qəbul olunub. Bunu aşağılayıcı formada təqdim etmək doğru deyil. 1980-ci illərin sonlarında Azərbaycanda başlayan proseslərdə Əbülfəz Elçibəyin rolu, insanların ona münasibəti, onun özünün proseslərə rəng qatması və proseslərin özündə söylədiyi fikirlərə aşağılayıcı formada yanaşmaq, Bəxtiyar Vahabzadə kimi şairin mövqeyinə rişxənd etmək, hesab edirəm ki, ziyalıya, ictimai-siyasi aktiv olan bir adama o qədər də baş ucalığı gətirməz.

Həsən Babayev