Dağlıq Qarabağ münaqişəsi: nə hərb, nə də sülh?
Elxan Şahinoğlu: “Azərbaycan-Ermənistan müharibəsi başlasa, Rusiya birmənalı şəkildə Ermənistana kömək edəcək”
Rusiya Xarici İşlər Nazirliyi Moskva Beynəlxalq Əlaqələr İnstitutu yanında Beynəlxalq Tədqiqat Analitik Mərkəzinin direktoru Andrey Kazantsevin keçən ayın əvvəllərində Azərbaycan və Ermənistan qoşunlarının cəbhə xəttində yaşanmış və hələ də davam edən gərginlik bağlı fikirlərini çərh edərkən deyib ki, “İki ölkə sərhədində atəşkəsin pozulması müharibənin başlanması demək deyil.
Amma hal-hazırda vəziyyətin daha da şiddətlənməsi açıq müharibəyə səbəb ola bilər. Lakin hələlik beynəlxalq vəziyyət onu göstərir ki, müharibə olmayacaq. Çünki əsas geosiyasi oyunçular Cənubi Qafqazda böyük müharibənin başlanmasında maraqlı deyillər. Yeni konflikt nə Rusiyanın, nə də ABŞ-ın marağındadır. Çünki ABŞ-ın Əfqanıstanda və digər bölgələrdə problemləri var. Müharibənin başlanması Avropa Birliyinin də maraqlarına ziddir. Böhran dövrünü yaşayan Avropa öz resurslarını bu konfliktə sərf edəcək vəziyyətdə deyil. O cümlədən bu, qonşuları ilə problemsiz siyasət yürüdən Türkiyənin də marağına cavab vermir. Əgər tərəflərdən biri müharibəyə başlasa, beynəlxalq ictimaiyyət dərhal müdaxilə edəcək”.
Politoloqun sözlərinə görə, “Azərbaycan-Ermənistan müharibəsi başlayacağı təqdirdə Rusiya üçün mövqe bildirmək çox çətin olacaq. Çünki Ermənistanla Rusiya arasında çox sıx əməkdaşlıq hökm sürür. Bu həm siyasi, həm də hərbi sahədə olan əməkdaşlıqdır. Eyni zamanda Rusiyanın Azərbaycanla da sıx strateji əməkdaşlığı var. Fikrimcə, Rusiya müharibənin başlamaması üçün əlindən gələni edəcək. Əgər tərəflərdən biri müharibəyə başlasa, böyük dövlətlərin liderləri dərhal həm Azərbaycan, həm də Ermənistan dövlət başçısından müharibəni dayandırmağı xahiş edəcəklər”.
Kaszantsev bildirir ki, “Ötən ay ABŞ-ın dövlət katibi Hillari Klintonun regiona səfəri zamanı Azərbaycanla Ermənistan sərhədində gərginliyin yaşanmasını bəzi siyasi ekspertlər təsadüf hesab etmirllər. Azərbaycan-Ermənistan sərhədində atəşkəsin Qərbin razılığı ilə ciddi şəkildə pozulduğu iddia olunur. Lakin bu, qətiyyən belə deyil. Çünki müharibənin başlanması ABŞ-ın da marağına cavab vermir. ABŞ qoşunları hələ də Əfqanıstandadır. ABŞ qorxur ki, Cənubi Qafqazda münaqişənin yenidən alovlanması onların Əfqanıstanda uğursuzluğa düçar olmasına gətirib çıxara bilər. Yəni Dağlıq Qarabağda müharibənin başlanması Əfqanıstana yüklərin daşınmasında mühüm rol oynayan şimal marşrutunda problemlər yaradacaq. Belə demək mümkündürsə, Əfqanıstana yüklərin daşınması yolu bağlanacaq”.
Rus ekspert Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyətini 20 il ərzində münaqişə tərəflərinin yeni müharibəyə başlamaq imkanı verməməsi baxımından yüksək qiymətləndirib: “Fikrimcə, bu təşkilatın fəaliyyətinin yeganə nəticəsi hələlik müharibənin başlanmasına şərait yaratmaması və danışıqlar prosesinin davam etdirilməsində münaqişə tərəflərinə yardım etməsidir”.
“Atlas” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, “Rus politoloqu Azərbaycan-Ermənistan müharibəsi başlayacağı təqdirdə Rusiyanın çətin seçim qarşısında qalacağı barədə mülahizələri yanlışdır. Bu müharibə başlasa, Rusiya birmənalı şəkildə Ermənistana kömək edəcək. Çünki 1)ruslarla ermənilər arasında məlum hərbi-strateji müqavilə var; 2) bu iki ölkə hərbi müttəfiqdir və Rusiya Ermənistanın ərazi bütövlüyünü qorumaq barədə öhdəlik götürüb; 3) hər iki ölkə MDB çərçivəsində fəaliyyətdə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınınn üzvüdür. Bu amillərə görə də Azərbaycan birinci növbədə Rusiya ilə vuruşmalı olacaq”.
Elxan Şahinoğlu hesab edir ki, “Hazırda Birləşmiş Ştatların İran, İraq, Əfqanıstan, Suriya və Pakistanla bağlı ciddi problemləri var və bu ölkənin, necə deyərlər, başını qaşımağa macalı da yoxdur. Ona görə də Amerika indiki mərhələdə onun üçün mühüm əhəmiyyət kəsb edən bu regionda əlavə problem yaranmasını istəməz. Azərbaycan Cənubi Qafqazda Amerika üçün Ermənistandan önəmli tərəfdaş olsa da, Ermənistanın Azərbaycanın qabağında enilməsini də istəmir”.
Politoloqun sözlərinə görə, “Eyni fikirləri Avropa Birliyi və Türkiyə barədə də demək mümkündür. Hazırda Türkiyənin başı Suriya məsələsinə qarışıb və bu ölkədə baş verən hadisələrin mümkün nəticəsi bğölgədə söz sahibi olmağa çalışan Türkiyə üçün çox önəmlidir. Fikrimcə, Azərbaycan Ermənistana qarşı tamamilə haqlı olduğu müharibəyə başlamaq üçün birinci növbədə Rusiya ilə diplomatik sövdələşməyə getməlidir. Bu, baş tutsa, Dağlıq Qarabağ problemini hərbi yolla həll etmək çox da çətin olmaz”.

Savalan