"Biz ticari münasibətlərdə əmtəə dövriyyəsinin artırılmasının vacibliyini xüsusi ilə qeyd etdik. Demək olmaz ki, 140 milyon dollar potensialımıza cavab vermir, amma bizim imkanlarımızı göstərmir. Buna görə də bu sahədə birinci yerə Xəzər dənizi ilə nəqliyyat-logistika əməkdaşlığı çıxır."
Unikal.org-un məlumatına görə, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Bakıda mətbuata bəyanatla çıxış edərkən bildirib.
O deyib ki, Qazaxıstan yeni İpək Yoluna cəlb olunub - Çin Xalq Respublikasının "bir kəmər-bir yol təşəbbüsü əsasında Çinin sərhədindən Xəzər dənizinə qədər ümumi uzunluğu 2 min kilometrədək olan dəmiryolu inşa edilib: "Artıq bu yol işləyir və öz bəhrələrini verir. Qərbi Çin-Qərbi Avropa avtobanının 2700 kilometrlik hissəsi inşa olunub. İndi söhbət Çindən konteynerlərin gətirilməsindən gedir. Yəqin eşitmisiniz, konteynerlər artıq Qərbi Avropaya, Böyük Britaniyaya 14 sutka ərzində çatdırılır, halbuki dənizlər və okeanlar vasitəsi ilə 40-45 sutkaya gətirilirdi. İndi isə məsələ belə qoyulub ki, yüklər Avropaya Qafqaz - Bakı, Xəzər dənizi vasitəsilə gətirilsin. Burada isə böyük potensial mövcuddur. Hesablamalar göstərir ki, daşımaların həcmi 6-7 milyard dollarlarla ölçüləcək. Onların böyük hissəsi Bakıdan keçəcək. Hesablamalar onu da göstərir ki, bu, Azərbaycana 500-600 milyon dollar gəlir gətirəcək. Yəni, burada çox böyük potensial var."
"Biz bütün dövlətlərdən - Türkiyədən, Gürcüstandan, Azərbaycandan xahiş etmişik və Qazaxıstana tapşırıq vermişik ki, daşımalar üçün tariflərin sərfəli olmasına diqqət yetirsinlər. Türkiyə ilə Rusiya arasında baş verən hadisələrlə əlaqədar Qafqaz vasitəsilə daşımaların həcmi artıb. Biz dərhal hiss etdik ki, həm Bakı, həm də Aktau hətta bunun öhdəsindən gəlməkdə çətinlik çəkirdilər. İndi Ukrayna bu marşrut vasitəsilə bütün Mərkəzi Asiya ilə ticarət qurmaq istəyir. Buna görə də burada çox böyük imkanlar açılır, biz bunu qeyd etdik." - N.Nazarbayev diqqətə çatdırıb.