Gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.

Bu barədə Unikal.org-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə iş yerlərində əmək qanunvericiliyinin pozulması ilə bağlı vətəndaşlar tərəfindən edilən müraciətlərin obyektiv şəkildə araşdırılaraq nəticələrinə uyğun tədbirlər görülməsi işləri davam etdirilir.

Cari ilin birinci rübü ərzində vətəndaş müraciətləri ilə əlaqədar görülən tədbirlər nəticəsində işəgötürənlər tərəfindən ümumilikdə 56 516 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub. Həmin vəsaitin 96,3 faizini əmək haqları, 1,8 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini zərərə görə ödənclər təşkil edib. Müraciətlərin araşdırılması zamanı əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş işçilərin də yenidən əvvəlki işlərinə bərpa edilmələri təmin olunub. Görülən tədbirlərlə bərabər, Xidmətin əməkdaşları aidiyyəti məsələlərlə bağlı işəgötürənlərə əmək qanunvericiliyinin tələbləri barədə ətraflı hüquqi izahatlar veriblər.

Hesabat dövründə Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2017-ci il üçün İş planına uyğun olaraq, ayrı-ayrı orta məktəblərin yuxarı sinif şagirdləri arasında əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri də həyata keçirilib. Tədbirlərdə uşaq əməyinin istismarının qanunla qadağan olunduğu vurğulanıb, ölkəmizin əmək qanunvericiliyində uşaq əməyindən istifadə ilə bağlı təsbit olunmuş normalar, yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin hüquqi prinsipləri, onlar üçün nəzərdə tutulan təminatlar və s. barədə yuxarı sinif şagirdlərinə geniş məlumatlar verilib.