"Tax Free çərçivəsində təşkil edilən ticarət festivallarında alıcıya ödəniləcək əlavə dəyər vergisindən tutulan xidmət haqqının 50 faizi Mədəniyyət və Turizm Nazirliyinin büdcədənkənar gəlirlərinə aid ediləcək.
Unikal.org-un məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı "Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydasında dəyişiklik edilməsi haqqında fərmanında əksini tapıb.
Qaydaya əsasən operator ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən elektron vergi hesab-fakturalarının (e-VHF) tərtib edilməsinə, həmin e-VHF-lər barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən dövlət orqanıdır. Operatorun səlahiyyətlərini Vergilər Nazirliyi həyata keçirir. Operatorun göstərdiyi xidmətlərə görə alıcıya ödəniləcək ƏDV məbləğindən 20 faiz həcmində xidmət haqqı tutulur. Qaydaya əsasən xidmət haqqı vergi orqanlarının büdcədənkənar gəlirlərinə aid edilməklə, malların satışının rəsmiləşdirilməsi və əlavə dəyər vergisinin qaytarılması, proqram təminatının və vahid məlumat bazasının yaradılması və idarə edilməsinin təmin edilməsinə yönəldilməli idi.
Dəyişikliyə əsasən bundan sonra xidmət haqqının 50 faizi vergi orqanlarının büdcədənkənar gəlirlərinə aid edilməklə, malların satışının rəsmiləşdirilməsi və əlavə dəyər vergisinin qaytarılması, proqram təminatının və vahid məlumat bazasının yaradılması və idarə edilməsinin təmin edilməsinə yönəldiləcək, 50 faizi isə Mədəniyyət və Turizm Nazirliyinin büdcədənkənar gəlirlərinə aid edilməklə, ticarət festivallarının təşkili ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün istifadə ediləcək.