"Hesablama Palatasının 2016-cı ilin İş planına uyğun olaraq dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının vəsaitləri üzrə 12-si analitik təhlil və 65-i audit olmaqla 77, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 10-u analitik təhlil və 9-u audit olmaqla 19 nəzarət tədbirinin başlanılması ilə bağlı qərar qəbul edilib. Hesabat ilində dövlət büdcəsi və büdcədənkənar dövlət fondları üzrə nəzarət tədbirlərinin 2-si növbəti ilə saxlanılıb".
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Hesablama Palatasının 2016-cı il üzrə hesabatının müzakirəsi zamanı qurumun sədri Vüqar Gülməmmədov deyib.
V. Gülməmmədov qeyd edib ki, hesabat ilində dövlət büdcəsinin gəlirləri üzrə 8, büdcə xərcləri üzrə 63, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə cəlb edilmiş vəsaitlərlə bağlı 2, büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə bağlı 4 auditin nəticəsi üzrə qərar qəbul edilib.
"2016-cı ilin iş planında nəzərdə tutulmuş və hesabat ilində başa çatdırılmış nəzarət tədbirlərinin sayı 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,8% az olub. Bununla belə, hesabat ilində nəzarət tədbirləri ilə əhatə olunmuş vəsaitin məbləği 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 34,2% çox olub. Hesabat ilində aparılmış audit ilə ümumilikdə 5 mlrd. 606,5 mln. manat vəsait əhatə olunub ki, bunun 3 mlrd. 19,6 mln. manatı və ya 53,9%-i dövlət büdcəsinin xərcləri, 277,3 mln. manatı və ya 4,9%-i büdcədənkənar fondların vəsaitləri, 2 mlrd. 309,6 mln. manatı və ya 41,2%-i isə fəaliyyətdən əldə edilmiş vəsaitlər üzrə olub. Eyni zamanda, hesabat dövründə beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə keçirilmiş nəzarət tədbirləri 87,9 mln. dollar məbləğində vəsaiti əhatə edib", - deyə o bildirib.
Onun sözlərinə görə, dövlət büdcəsinin gəlirlərini əhatə edən və hesabat ilində yekunlaşan 2 tədbir vergi inzibatçılığının təşkil edilməsi, həmçinin vergi qanunvericiliyinə riayət olunması vəziyyəti ilə bağlı olub: "7-si analitik təhlil olmaqla 69 nəzarət tədbiri dövlət büdcəsinin xərclərini əhatə edib. Bununla yanaşı, hesabat ilində iki audit dövlət zəmanəti ilə alınmış kreditlər üzrə, bir analitik təhlil isə büdcə kəsiri ilə bağlı olub".
V. Gülməmmədov bildirib ki, ötən il 8 istiqamət üzrə 825 nöqsan və pozuntu halına yol verilib: "Hesabat ilində mühasibatlıq, büdcə vəsaitlərindən istifadə və satınalmalar zamanı nöqsanlara daha çox yol verilib. Dövlət satınalmaları sahəsində zəruri sənədlərin təqdim edilməməsi, vəsaitlərin səmərəsiz istifadə və digər pozuntular qeydə alınıb".
Qeyd edək ki, 2016-cı ildə audit ilə əhatə olunmuş qurumların sayı 155 olub.