Son zamanlarda bazarlarda meyvə-tərəvəzin bahalaşmasının əsas səbəbi bəlli olub. Dövlət Gömrük Komitəsinin son açıqlamasından məlum olub, Azərbaycanın xarici ölkələrə meyvə-tərəvəz ixracı 73 faiz artıb.
Hesabatda deyilir ki, 2017-ci ilin birinci rübündə Azərbaycanın xarici ticarət əməliyyatları nəticəsində yaranan müsbət saldonun həcmi 1 milyard dolları ötüb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, birinci rübdə xarici ticarət dövriyyəsi 4,119 milyard dollar, o cümlədən ixrac 2,606 milyard dollar, idxal 1,512 milyard dollar olub. Nəticədə birinci rübdə 1,093 milyard dollar müsbət saldo, yəni xarici ticarət gəliri yaranıb.
Diqqət çəkən məqamlardan biri də Azərbaycanın ixracında meyvə-tərəvəzin payı 2,13 faiz olub. Cari ilin əvvəlində 55,4 milyon dollar dəyərində 55,585 min ton meyvə-tərəvəz satılıb. 2016-cı ilin birinci rübü ilə müqayisə etdikdə meyvə-tərəvəz satışının miqdarının 72,9 faiz, dəyərinin 28 faiz artdığını görürük.
Bu isə o deməkdir ki, əvvəllər Azərbaycanın daxili bazarına daşınan meyvə-tərəvəz indi ixraca yönəldilib. Məhz bu səbəbdən bazarda yerli məhsullar gündən-günə qəhətə çıxır, qiymətləri bahalaşır.
"Yeni Müsavatın müxbiri kənd təsərrüfatı məhsullarının hazırki qiymətini öyrənmək üçün paytaxt bazarlarına baş çəkib. Məlum olub ki, qiymətlərdə həqiqətən də hiss olunacaq dərəcədə artım var. Satıcıların əksəriyyəti bunu mövsümi amillərlə, eləcə də ötən ildən qalan məhsulların tükənməsi ilə əlaqələndirsələr də, ixrac faktorunun rol oynadığını təsdiqləyənlər də olub.
Qiymətlərə gəlincə, ən çox xiyar-pomidor kimi tərəvəz məhsullarında bahalaşma hiss olunur. Belə ki, istixanalarda yetişdirilən yerli pomidorun 1 kiloqramı 3-4 manat arasında dəyişir. Xiyarın qiyməti isə 1.50-2 manat arasındadır. Qeyd edək ki, ixracın az olduğu vaxtlarda bu məhsulları bazarda 1.50 manat civarında almaq mümkün idi.
Azərbaycan xalqının gündəlik ərzaq səbətindən ən çox istifadə olunan kartofun qiyməti çox bahalaşıb. Gədəbəy kartofunun 1 kq-ı 1.20 manata qalxıb. Qiyməti baha olsa belə, bazarda yerli kartof tapmaq müşkül məsələyə çevrilib. Topdansatış bölməsində əsasən Gürcüstandan, Rusiyadan, Ukraynadan gətirilən kartof növləri üstünlük təşkil edir. Onların qiyməti isə bir müddət öncə 50-60 qəpiyə idisə, indi 80 qəpik təşkil edir.
Əvvəllər 4-5 kiloqramı 1 manata satılan soğan da bahalaşıb. Hazırda 40-50 qəpik arasında dəyişir. Tərəvəzlərdən kök bahalaşıb, 70-80 qəpiyə təklif olunan bu tərəvəz indi bazarlara 1.50 manatdır. Gül kələmi və balqabağın qiyməti 2.50 manatdır. Mövsümündə kiloqramı 20 qəpiyə təklif olunan balqabaq indi 1 manata qalxıb. Bir müddətdir 7-9 qəpiyə satılan fabrik yumurtası isə yenidən iki dəfə bahalaşaraq, 14 qəpiyə qalxıb. Meyvələrdə də qiymət artımı müşahidə olunur. Almanın kiloqramı 1 manatdan başlayır və 2.50 manata kimi qalxır. Bazarda kiloqramı 50-60 qəpiyə satılan almaya da rast gəlmək olar, lakin keyfiyyət baxımından həmin məhsullar geridə qalır. Azərbaycanın məşhur "qızıl əhməd alması ananasın qiymətinə yaxınlaşıb. 1 kiloqramı 4 manata təklif olunur. Bananın bahalaşması da hər kəsə bəllidir, ən ucuz topdansatış mağazalarında 1 kiloqramı 3.50 manata, marketlərdə isə 4 manata təklif olunur.
Sitrus meyvələri çox bahalaşıb. Portağal və narıngi 2.50 manata qalxıb. Ötən ildən saxlanılan armudun və narın kiloqramı 4-5 manatdır. Qiymət artımı marketlərdə də müşahidə olunur.
Bəs, görəsən daxili bazarın yerli məhsullarla tam təmin olunmadığı halda idxalın qısa müddətdə 73 faiz artırılması nə dərəcədə doğru addımdır?
Kənd təsərrüfatı üzrə ekspert, iqtisad elmləri doktoru Müslüm İbrahimov bildirdi ki, məhsulun daxili bazara yönəldilməsini və ya ixrac edilməsini istehsalçı diktə edir: "Azərbaycan məhsullarına dünya bazarında böyük tələbat var, ona görə də ixrac artır. Bu müsbət hal olsa, da daxili bazarda qiymət artımına səbəb olur. Yaxınlıqda Rusiya kimi böyük bir bazar olan yerdə istehsalçı təbii ki, məhsulunu orada satmağa meylli olacaq. Çünki böyük bazarlarda tələbat çoxdur və qiymətlər də daha bahadır.
Böyük bazarlarda olan qiymət kiçik bazarları olan ixracatçı ölkələrin bazarlarında da qiymətlərə təsir edir. İndiki halda, Azərbaycan kiçik bazarı olan ixracatçı ölkədir. Azərbaycanlı fermerlər məhsullarını daha çox böyük bazarlara , məsələn, Rusiyaya aparır və qiymətlər orada formalaşır. Sonra fermer məhsulunu orada sata bilməyəndə və ya daxili bazara yönəldəndə, əvvəlki gəlirini itirməmək üçün qiyməti qaldırır. Ona görə daxili bazarda bu qiymət formalaşır. Bu qiymətləri süni qaydada tənzimləmək çox çətindir".
İqtisadçı ekspert Ruslan Atakişiyev də "Yeni Müsavata danışarkən bildirdi ki, məhsulların xarici bazarlara çıxarılmasının əsas səbəbi hazırki dövrdə onların maya dəyərinin yüksək olması və daxili bazarda alıcılıq qabiliyyətinin zəif olmasıdır: "Ötən ilin birinci rübü ilə bu ilin birinci rübünün iqtisadi nəticələrini müqayisə etsək, ölkədə kənd təsərrüfatı məhsullarının qıtlığı yaşanır. Fərdi təsərrüfatlarda, ailə təsərrüfatlarında məhsul istehsalı azalıb. Hazırda satışa çıxarılan məhsullar yayda dərilib anbarlarda saxlanılan və hazırda istixanalarda yetişdirilən məhsullardır. Həmin məhsulların maya dəyəri baha olduğuna görə təsərrüfat sahibləri onları daxili bazarda reallaşdırmağa maraqlı olmurlar. Bu məhsulların istehsalı və saxlanılması baha başa gəldiyinə görə baha satmağa məcbur olurlar. Bu mənada həmin məhsulları Rusiyaya və digər ölkələrə ixrac etməyə çalışırlar. Çünki baha məhsulu daxili bazarda geniş kütlə ala bilmir, alıcılıq zəif olduğundan fermer xaric ixrac etməkdə maraqlı olur. Ancaq havaların istiləşməsi ilə bağlı yayda tərəvəz məhsulları istixanalarda yox, təbii şəraitdə becərilir və bu mənada ucuz olur. Həm məhsulun maya dəyəri aşağı olur, həm də bazara ucuz çıxarılır. O zaman daxili bazarda da alıcılıq yüksəlir. Hazırda hava şəraiti ilə əlaqədar olaraq maya dəyəri yüksək olan məhsulların qiymətləri bahadır. Bu bahalı məhsullara daxili bazarda tələbat az olduğuna görə , fermerlər xarici bazarlara çıxartmağa çalışırlar.