Xəbər verdiyimiz kimi aprelin 17-də prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirildi. Ölkə başçısı post neft dövründə Azərbaycanın atacağı addımları, sahibkarların üzərinə düşən məsuliyyəti, əsas hədəfləri dilə gətirərək bu istiqamətdə mühüm tapşırıqlar verdi.

Prezident xüsusən ixrac yönümlü məhsulların istehsalının artırılmasına toxundu. Bu barədə sahibkarlara tövsiyyələr verdi.



SİTAT: "Əslində bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Biz bu yolla gedirik. Sahibkarlarla mənim müntəzəm olaraq ildə bir neçə dəfə görüşlərim keçirilir. Son 13-14 il ərzində yüzlərlə sahibkarla görüş keçirilmişdir. Mən sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir. Bu gün cəmiyyətdə sahibkarlara münasibət müsbətə doğru dəyişir və əlbəttə ki, sahibkarların sosial məsuliyyəti gündəlikdə duran məsələlərdən biridir. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm. Bu, həm sahibkarlara lazımdır ki, cəmiyyət onların işini daha yüksək qiymətləndirsin, eyni zamanda, sahibkarlar da öz tərəflərindən nəinki biznes maraqları, ümumiyyətlə ölkə qarşısında duran vəzifələrin, o cümlədən sosial vəzifələrin icrası üçün də səylərini qoysunlar. Əminəm ki, onlar maddi imkanları artdıqca bu məsələyə daha da böyük diqqət və vəsait ayıracaqlar.

İlham Əliyev problemlərə də diqqət çəkdi: "Əfsuslar olsun ki, biz bu günə qədər vahid bir istehsalat sahəsini yarada bilməmişik. Daşkəsən dəmir filizi yatağı dünya miqyasında böyük yataqlardan biridir və onun indiki vəziyyəti əlbəttə ki, bizi qane edə bilməz. Müxtəlif dövrlərdə müxtəlif təkliflər irəli sürülmüşdür. Hətta dövlət qurumu da yaradılmışdır, ancaq sonra işləyə bilmədi. Özəl sektor da buna vaxtaşırı maraq göstərirdi. Vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı ciddi addımlar atılsın. Bütün istehsalat zənciri yaradılmalıdır, filizdən başlamış son ixrac məhsuluna qədər. Həm bizim ixracımız artacaq və idxaldan asılılıq kəskin aşağı düşəcək. Çünki hazır məhsulun idxalı üçün xaricə böyük vəsait gedir və getdikcə daha çox gedəcək. Çünki bizim inkişaf dinamikamız bundan sonra da elə sürətli olacaq ki, daxili tələbat artacaq. Ona görə, Daşkəsən dəmir filizi yatağının işlənməsi və istehsalat zəncirinin yaradılması gündəlikdə duran vacib məsələlərdən biridir.

Image result for vahid əhmədovDövlət rəhbərinin regionda keçirdiyi müşavirə ilə bağlı Unikal.org-a şərh edən Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, post-neft dövründə prezident tərəfindən keçirilən bu cür görüşlər mühüm əhəmiiyyət kəsb edir: "Ölkə başçısı tərəfindən qeyri neft sektorunun inkişafı ilə bağlı xüsusu qərarlar qəbul olunub və strateji proqramlar hazırlanıb. Bu gün neftin qiyməti o qədər də yüksək olmaldığı üçün, neft hazılatındakı problemlərdən dolayı Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verilir. İxrac yönümlü məhsullara çox böyük diqqət yetirilir. Prezident müşavirədə fındığın, pomidorun, pambığın və digər strateji məshulların ixracından əldə olunan gəlirləri açıqladı, son günlər milli Azərbaycan brendinin dünyada tanınması, onun təşviqi və.s. məsələlərə toxundu. Ölkə başçısı bir daha vurğuladı ki, Azərbaycanda ixrac yönümlü məhsulların istehsalı üçün lazımi imkan və şərait var. Bu istiqamətdə müəyyən qanunlar qəbul edilib, prezident tərəfindən fərmanlar verilib. Ümumilikdə belə müşavirələrin mütəmmadi keçirilməsi olduqca böyük əhəmiyyət daşıyır.

Millət vəkili sahibkarlardan birinin prezident köməkçisinə bank sektoru ilə bağlı müraciətinə də toxunub. V.Əhmədov qeyd edib ki, problemli kreditlərlə bağlı qərar gec-tez verilməlidir: "Müşavirədə sahibkarlardan birinin banklarla bağlı prezident kömkçisinə müraciət etməsi məsələsi vurğulandı. Ümumiyyətlə problemli, dollarla verilən kreditlərlə bağlı qərar gec-tez verilməlidir. Çünki cənab prezidentin dediyi kimi, biz bank sistemini sağlamlaşdırıb normal işləməsini təmin etmək, sahibkarlarla banklar arasında normal müqavilə münasibətlərinin olmasını istəyiriksə, dollarla verilən kreditlərin qaytarılmasında əhali arasındakı problemi nəzərə alıb müəyyən qərarlar qəbul edilməlidir. Biz bunu gözləyirik. Çünki bu istiqamətdə xüsusi təkliflərimiz var.

Prezident İlham Əliyev yekun nitqində bir daha dövlət strukturlarınln və sahibkarların üzərinə düşən məsuliyyəti xatırladaraq əminliklə bildirib ki, keçirilən müşavirədən sonra ixrac potensialımız daha da artacaq və biz daxili tələbatı daha çox yerli məhsullarla təmin edəcəyik:  "Əminəm ki, 2017-ci ilə yekun vurarkən biz yaxşı dinamikanı görəcəyik. Əlbəttə, qeyd etdiyim kimi, ixracı artırmaq üçün, ilk növbədə, daxili tələbat tam ödənilməlidir - həm ərzaq məhsulları, həm də inşaat materialları ilə. Bu istiqamətdə konkret addımlar atılır və atılacaqdır.



Növbəti illərdə ixracyönümlü müəssisələrin yaradılmasına daha böyük diqqət göstərilməlidir. Əslində, Azərbaycanda bundan sonra da yaradılacaq müəssisələr hər iki məqsədi güdməlidir - həm daxili tələbat ödənilməli, həm də ixrac imkanları olmalıdır. Buna nail olmaq üçün dövlət orqanları ardıcıl fəaliyyət göstərirlər. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə gələcəkdə ödəniləcək kreditlər də ixracyönümlü müəssisələrin yaranmasına təkan verməlidir. Çünki ixracyönümlü məhsullar, eyni zamanda, daxili bazarlarda da asanlıqla öz yerini tapacaq. Bu məsələlərin həllində yerli icra orqanları da fəal iştirak etməlidirlər. Əlbəttə ki, burada əsas yük dövlət qurumlarının üzərinə düşür.

Həsən Babayev