Ölkə.az bir neçə gündür görüntüləri yayılmış aşıqla bağlı əlaqə saxlayıb.
Qeyd edək ki, ilk xəbərdə sözügedən şəxsin aşıq İbrahim olduğu deyilsə də, müsahib bunun belə olmadığını bildirdi. Beləliklə, aşıq Mahir Kəlbəcərli ilə söhbətimizi təqdim edirik.
- Aşıq, istərdim sözügedən videoya aydınlıq gətirəsiniz
- Aydınlıq deyəndə, düzgünlük yaxşı şeydir.
- O görüntülər harada lentə alınıb?
- Sözün düzü, özüm də bilmirəm harada çəkilib. Çünki gəzirəm, məclisə dəvət edirlər gedirəm. Heç dəvət edən adamı da tanımıram. Saz, sözü guya təhqir etmişəm. Elə şey yoxdur. Özünüz də görürsünüz ki, orada qonaqlar var. Qonağı sazla-sözlə qarşılamışam. Adımı da orada səhv yazıblar.
- Neçə yaşınız var?
- 57 yaşım var.
- Bəziləri bildirirlər ki, sazın bu kimi məclislərdə ifa edilməsi doğru deyil...
- Lap qədimdən aşıqlar səyyari gəziblər. Hazırda mən də bu yolu davam etdirirəm. Heç bir səhv etmədən gəzmək olar. Allah Azərbaycanımızı var eləsin. Hər istirahət zonasında sazın olması yaxşıdır.
- Orada ən çox müzakirələrə səbəb olan məclisdəki xanımların hərəkətləri və geyimləri idi.
- Heç kimə deyə bilmərəm ki, belə geyin. Yayda istirahətə gəliblər. İndi hamının geyimi Avropa stilindədir. Əsas odur ki, hər kəsin geyimi yox, abır-həyası olsun. Saza qulaq asmaq mənimçün daha vacibdir. O geyimi qəbahət bilmirəm. Heç kimə demək olmaz ki, sən yaxşısan, yaxud pissən. Azərbaycanın hər bir qadınını, qızını öz anam, bacım bilirəm. Aşıq sözlərindən istifadə etməyi də özümə borc bilirəm.
- Aşıqlar Birliyinin üzvüsünüz?
- Xeyr, üzv deyiləm, həvəskaram. El-el, oba-oba gəzirəm.
- Dolanışığınız sazdan çıxır, yoxsa başqa peşəniz də var?
- Başqa heç bir işim yoxdur. Yaş o yaş deyil ki, gedib fəhləlik edəm. Allah Azərbaycanımızı var eləsin. Azərbaycanın şərəfinə yazdığım şeiri demək istəyirəm.
Sən olmasan necə gülər bu cahan?
Dünyanın gözüsən, Azərbaycanım.
Düşünən beynini arif alimin,
Hikmətli sözüsən, Azərbaycanım.
Daların cəvahir, torpağın baldı,
İrəvan, Zəngəzur düşmənə qaldı.
Göyçə mahalımız xəyala daldı.
Bağışla bizi sən, Azərbaycanım.
Türklər dəstək olub Azərbaycana,
Biz doğma qardaşıq-ata bir ana.
Haqqı, ədaləti bütün cahana,
Hey dedin düzün sən, Azərbaycanım.
Neçə min ustadın yaradan quran
Adına bağlıdır mərdanə duran
Müqəddəs sayıram, deyirəm hər an
Cənnətin özünsən, Azərbaycanım.
Mahir, dərdin üçün dərman vətəndir.
Qarabağ uğrunda ölümə gedəndir.
Səbrli xalqımın səbri tükəndə,
Nə vaxta dözəsən Azərbaycanım?!
Sənnətin özüsən Azərbaycanım.
Azərbaycanımız var olsun, hər birinizə təşəkkür edirəm. Allah hamınızı salamat eləsin.