Söhbətin əvvəlində əminliklə "şəxsi həyatımla bağlı məndən söz qopara bilməyəksiniz" dedi. Amma... saqqızını elə oğurladıq ki, heç ruhu da incimədi. Hər şeydən danışdıq: sevgidən tutmuş, ona aşiq olan xanımların eşq elanlarına qədər...
Unikal.org müğənni Eldar Qasımovun yeniçağ.az-a müsahibəsini təqdim edir.
-Eldar şəxsi həyatında yenilik gözlənilmir ki?
- Ümumiyyətlə, mən bu barədə danışmıram. Çünki bu, bağlı mövzudur. Bu mövzuda məndən heç bir cavab ala bilməyəcəksiz.
-Onda geyimindən danışaq. Həmişə dəbli geyiminlə diqqət çəkmisən, belə deyək də, dəbi diktə edən olmusan...
- Qarderob mənim üçün çox önəmlidir, geyinməyi çox xoşlayıram.
-Geyimlərini seçərkən kiminləsə məsləhətləşirsən?
- Adətən, özüm öz zövqümlə geyinirəm. Kimisə dinləyə bilərəm, amma axırda öz fikrimdə qalıram.
-Ətrafında olan xanımlarla da məsləhətləşmirsən?
- Mən, ümumiyyətlə, çalışıram heç kəsdən heç nə soruşmayım. Tərəddüd etdiyim halda, kimdənsə nəsə soruşa bilərəm. Hələ ki, tərəddüd eləmirəm.
-Qarderobda hansı üslubda geyimlərin daha çoxdur?
- Klassik və idman üslublarını sevirəm. Hansı stili seçməyim isə həmin gün əhval-ruhiyyəmdən asılıdır. Məsələn, bu gün səhər tezdən idmana getdim, qaçhaqaç, sonra da bura tədbirə gəldim. Görürsünüz, idmançı oğlanam.
-Geyiminə ayırdığın büdcə böyükdür?
- Geyimlərimə xərclədiyim pullar fərqlidir. Çünki baxır o geyimlər hansı məkanlar üçündür. Mərasimlər, gündəlik və səhnə geyimlərim var. Bir də var, sadəcə olaraq, şəhərə gəzməyə çıxıram, onda 30-40 manatlıq şalvar, 20 manatlıq mayka geyinə bilərəm.
-Sırğa da yaraşır. Yəqin ki, xəbərin var, kişilərin sırğa taxması cəmiyyətdə yaxşı qarşılanmır...
- Ümumiyyətlə, buna diqqət yönəltmək olmaz. Nə qədər buna diqqət yönəltsək, o qədər çox yazacaqlar, tənqid edəcəklər. Bu, çox adidir.
-İnsanların sənin barəndə danışdıqları söz-söhbətlərə diqqət yetirirsən?
- Qətiyyən. Ancaq yaxın adamlarımın sözlərinə və iradlarına diqqət yetirirəm. Məni başqa insanların fikirləri heç maraqlandırmır.
-Qızlar sənə yazırmı?
- Mənə hər kəs yazır.
-Cavablandırırsan?
- Çalışıram ki, cavablandırım. Əgər vaxtım və imkanım varsa. Heç olmasa, "salam" sözünü mütləq yazıram.
-Sənin anlamında sevgi nədir?
- Qarşılıqlı hörmət, dostluq və ölməz duyğudur.
-Bəs xəyanət?
- Ümumiyyətlə, xəyanət çox alçaq hərəkətdir və təəssüf ki, heç kim bundan sığortalanmayıb.
-Səncə, insanlar sevdiklərinə niyə xəyanət edir?
- Axıra qədər qiymətləndirməyəndə, itirmək qorxusu olmayanda insanlar xəyanət edir. Bu, təkcə sevgiyə aid deyil. Dostluqda da ola bilər. Bütün insanlara aiddir.
-Dostlarına nəyi bağışlamazdın?
- Mən həyatda hər şeyi bağışlayıram. Çünki biz kimik ki, qərar verək. Həyatda hər şeyi bağışlamaq olar, amma bağışlayandan sonra o insanı qəbul edib-etməmək məsələsi var. Mən hər şeyi bağışlayaram, amma onu qəbul etməyə bilərəm.
-Yəni pislikləri və yaxşılıqları unutmursan?
- Yox, unutmaq söhbəti deyil, bağışlayıram, amma o insanı bir də öz həyatıma daxil etmirəm. Çünki mənə mənfi enerji ötürürsə, əhvalımı heçə endirirsə, ondan uzaqlaşıram. Nəyimə lazımdır belə insanlar. Ətrafımda bir-iki nəfər olsun, amma keyfiyyətli insanlar olsun.
-Deyirlər, insan həyatı boyu əsl sevgini bir dəfə yaşayır. Bu fikirlə razılaşırsanmı?
- Oooo... çox çətin sual oldu. Çünki bilmirəm və belə vəziyyətlə qarşılaşmamışam.
-İndiyə qədər neçə dəfə aşiq olmusan?
- Mən indi sizə deyim ki, bir dəfə aşiq olmuşam, vəssalam, bitdi. Amma yox, ola bilər ki, təsadüfən kimisə görüb ona vurulam, onda yalançı çıxacağam axı. Ona görə də bu suala dəqiq cavab vermək olmur.
-Belə çıxır ki, tez-tez aşiq olursan?
- Deməzdim.
-Xanımda hansı xüsusiyyəti daha çox dəyərləndirirsən?
- Dürüstlüyü.
-Bəs zahiri görünüş?
- Görünüş o qədər də önəmli deyil. İlk bir neçə saniyədə bu, rol oynaya bilər. Hər şey danışıq, görüş və münasibətdən asılıdır. Baxımlı və pozitiv olsun. Dürüstlük və səmimiyyət - bunlar mənim üçün çox önəmlidir.
-Bəs sevgidə yaş fərqi?
- Qətiyyən yoxdur.
-Özündən yaşca böyük xanıma vurula bilərsən yəni?
- (Zarafatından qalmır) Sevgi barədə çox suallar oldu, siz mənə sevgi təklif edirsiz?
-Yeri gəlmişkən, təklif edənlər çoxdur ki?
- Əlbəttə. Yazırlar ki, sevgilin olmaq istəyirəm.
-Xoşuna gəlir belə təklif?
- Kimin xoşuna gəlməz ki... Əgər sizə belə təklif etsələr, xoşunuza gəlməyəcək ki?
-Baxır onu kim təklif edir?
- Əlbəttə, qəbul etməyə bilərsiniz. Amma bu, sizin xoşunuza gələcək ki... Məndə də elədir.