Keçmişin kabusu, yoxsa real gələcək?
Keçmişin kabusu, yoxsa real gələcək?

Yuri Yarov: "Azərbaycan MDB-də azad ticarət zonasının yaradılması ideyasını zaman keçdikcə təqdir edəcək"

SSRİ-nin iflası dünyanın siyasi-geopolitik mənzərəsində köklü dəyişikliklər yaratmaqla və planetin, ümumən bəşəriyyətin müsbət müstəvidə inkişafını davam etdirməsinə yeni şərait əmələ gətirməsi ilə bərabər bir çox problemlər də yaratdı. Bu problemlərin ən başlıcası həm ərazicə, həm də xammal mənbəyi kimi dünyanın ən böyük dövləti olan Rusiyanın reallıqla barışmamasından qaynaqlanır.

Bu barışmamazlıq iddiası birinci növbədə Müstəqil Dövlətlər Birliyi (MDB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yaradılması ilə nəticələndi. Çünki Rusiya SSRİ-nin dağılması ilə Şərqi Avropa və Mərkəzi Asiyanı əhatə edən geopolitik sərhədlərini itirdiyi üçün bir dövlət kimi özünü təhlükəsizlikdə hiss edə bilməzdi. Buna görə də sözügedən qurumların yaradılması onun üçün həyati önəm kəsb edirdi.
Minimum vəzifə kimi MDB mərhələsi keçildikdən sonra rus ideoloqları və siyasətçiləri daha bir konseptual ideyanı ortalığa atdılar: Avrasiya İttifaqı.
Amma ədalət xatirinə qeyd edilməlidir ki, Avrasiya ittifaqı konsepsiyası Rusiyada hələ XIX əsrin sonu, XX əsrin əvvəllərindən kulturoloji-siyasi baxışlar sistemi kimi işlənib hazırlanmağa başlamışdı və yenə də ədalət xatirinə vurğulanmalıdır ki, bu konsepsiyanın rüşeymində həqiqət payı var.

Kentavr dövlət və ya
yarıavropa,
yarışərq fenomeni

Həmin həqiqət payı isə adi coğrafi gerçəkliyin bəhrəsidir: mədəni, elmi və siyasi baxımdan özünü Avropa sivilizasiyasının tərkib hissəsi kimi görən (ki, bu, həqiqətən də belədir) Rusiyanın böyük bir hissəsi Asiya məkanına düşür. Rus fenomeninin mürəkkəb strukturu, dinamik reaksiyası birinci növbədə məhz bu amildən irəli gəlir. Buna görə də Rusiya hər iki məkanda öz tarazlığını qoruyub saxlamaq məcburiyyətindədir.
Bu qeydlər bir dövlət kimi Rusiyanın davranış tərzini açıqlamaq üçün idi. Amma məsələ burasındadır ki, SSRİ dağılandan sonra tələm-tələsik yaradılmış MDB artıq öz effektini itirib. Buna görə də Rusiya yeni bir konsepsiya ortalığa atıb: MDB məkanında Azad İqtisadi Zonanın yaradılması. Bu qurum həm də siyasi blok kimi nəzərdə tutulan Avrasiya İttifaqının iqtisadi bazası rolunu oynamalıdır.

Dünyanın dəyişən
ağırlıq mərkəzi

Bu məqamda xüsusi vurğulanmalıdır ki, dünyadakı siyasi güclərin geopolitik baxımdan dəyişməkdə olan ağırlıq mərkəzi də Rusiyanı bu addıma təhrik edir. Bu dəyişim isə ondan ibarətdir ki, XX əsrdə əsas oyunların faciəvi və dramatik səhnəsi kimi Yaxın və Orta Şərq bölgəsi seçilmişdi. Buna əmin olmaq üçün ötən əsrin əsas beynəlxalq hadisələrini göz qabağına gətirmək kifayətdir və bu proses indi də davam etməkdədir. (Əfqanısatan hadisələri, Çeçenistan və Dağlıq Qarabağ düyünləri, İran problemi, ABŞ-İraq müharibələri, ərəb inqilabları və nəhayət, Suriya olayları). Sadalanan bu mənzərələr çox sadə bir həqiqətlə bağlıdır: bu region dünyanın ən zəngin neft-qaz yataqlarına malikdir.
Amma ekspertlər hesab edirlər ki, XXI əsrin başlanması ilə dünya siyasətinin ağırlıq mərkəzi Cənubi-şərqi Asiyaya transfer olunmaqdadır. Bu dəyişim prosesindən kənarda qalmaq istəməyən Rusiya birinci növbədə "arxa cəbhə"ni, yəni MDB məkanındakı problemlərini həll etməli və buranı möhkəmlətməlidir.
Rusiyanın əvvəllər Qərbə və Yaxın Şərqə meyllənməsinin qabağında Avropa Birliyi və Amerika dururdusa, Cənubi-şərqi Asiyaya doğru yolunun üstündə isə yenə də Birləşmiş Ştatlar və ... Çin Xalq Respublikası durur.
O da vurğulanmalıdır ki, Çin İran məsələsində Amerikaya qarşı Rusiya ilə eyni mövqedən çıxış etsə də, Mərkəzi və Cənubi-şərqi Asiya müstəvisində daban-dabana zidd maraqlar sərgiləyir və belə də olmalıdır. Buna görə də Avrasiya ittifaqı və bu təməldə də Azad İqtisadi Zonanın yaradılması birinci növbədə Çinin iqtisadi ekspansiyasından qorunmaq üçündür.
(Unutmayaq ki, Çin iqtisadiyyatı nəhəng bir sıçrayış etməklə XXI əsrin ortalarında dünyanın yeganə superdövləti rolunda çıxış etmək iddiasındadır.)

Yuri Yarov: "Bu İttifaqa
daxil olmaq məqsədəuyğun, qarşılıqlı şəkildə
faydalı və səmərəlidir"

Avrasiya İnkişaf Bankının idarə heyəti sədrinin müşaviri, Rusiya Federasiyası hökuməti sədrinin 1993-1996-cı illərdə müavini, Rusiya Prezidenti Administrasiyası rəhbərinin 1996-1998-ci illərdə müavini, MDB-nin 1999-2004-cü illərdə icraçı katibi postlarını tutmuş Yuri Yarov sözügedən ittifaqın perspektivi baxımından hesab edir ki, MDB məkanında gedən proseslər labüddən Avrasiya ittifaqının yaranmasına doğru aparır. Onun fikrincə, MDB-yə daxil olan dövlətlərin hamısının həmin ittifaqa daxil olması zəruri deyil: "Burada mən "əksəriyyət" sözünü işlətməzdim, çünki biz postsovet məkanında yaradılan bütün təşkilatlardan keçmişik. Başlıcası isə odur ki, əməkdaşlığın bu yeni forması öz səmərəliliyini, sanballılığını, cəlbediciliyini sübuta yetirə bilsin. Ancaq belə olan halda tədrici gedən bir proses baş verə bilər və insanlar görərlər ki, bu İttifaqa daxil olmaq məqsədəuyğun, qarşılıqlı şəkildə faydalı və səmərəlidir.
Biz əvvəlcə bu birliyin iqtisadi məqsədəuyğunluğunu göstərəcəyik, daha sonra isə cəlbedicilik yaranacaq və bütün potensial iştirakçılar bu İttifaqdan əldə edə biləcəkləri səmərənin nə olduğunu dərk edəcəklər.
Əvvəlcə biz Avrasiya İqtisadi İttifaqı (EVRAZES) yolu ilə getdik, sonra bank, antiböhran fondu yaratdıq. Bu artıq bizə sözdə və arzuda yox, konkret əməldə və vasitələrdə fəaliyyətə keçməyə imkan yaradır. Söhbət gömrük baryerlərinin aradan qaldırılmasına gəlincə isə, bu artıq təkcə Rusiyanı yox, bütün maraqlı tərəfləri konsensus əsasında vahid qaydanın hökm sürdüyü ümumi məkan yaratmağa sövq edəcək. Buna görə də, bu ittifaqa daxil olmayan dövlətlərin hər şeyi öz gözləri ilə görməsi və daha sonra İttifaqa üzv olması vacibdir".
Yarovun qənaətinə görə, "Birinci mərhələdə bir-iki ölkə üzvlüklə maraqlandı, vaxt keçdikcə digər dövlətlər də İttifaqla maraqlanmağa başlayacaqlar. Və əgər biz İttifaqın məqsədəuyğunluğunu və səmərəliliyini sübuta yetirə bilsək, o zaman insanlar özləri bu quruma daxil olmağı arzu edəcəklər. Birliyə cəlb etmək, daha sonra isə nəyi isə izah etməyə başlamaq düzgün olmayan metoddur. Düzgün olan yol amerikalılar demişkən, step bu step-dir - addımbaaddım gedilən yoldur".
Bəli, Rusiya MDB ölkələrinə Birlik məkanında azad ticarət zonasına daxil olmağı təklif edib. Azərbaycan isə düşünmək üçün vaxt götürən ölkələrdən biridir. Bu, Avropa İttifaqının Azərbaycana və digər 5 postsovet ölkəsinə analoji olaraq təklif etdiyi Azad Ticarət Zonasının (ATZ) yaradılması layihəsi ilə ziddiyyət təşkil etmirmi?
(Göründüyü kimi, səhnədə Avropa da var, çünki qoca Avropa Cənibi-şərqi Asiya "süfrəsindən" kənarda qalmaq istəmir.)
Yarovun sözlərinə görə, "Mən burada heç bir ziddiyyət görmürəm, bu heç nəyə maneə yaratmır. ATZ-nin yaradılmasına hazırlıq ilə bağlı məsələ onilliklərdir ki, davam edir. Buna görə də mən sualın bu prosesin sözügedən layihəyə nə cürsə mane ola biləcəyi şəklində qoyulması ilə razı deyiləm. Axı ölkələrin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması postsovet ölkələrinə ATZ yaratmağa mane olmur. Müvafiq olaraq, bu həm də Avropaya inteqrasiya yolu ilə gedən ölkələrə də maneçilik törətmir. Burada məncə, elə bir proses gedir ki, hər bir kəs özü buna adaptasiya olmalı və özü üçün hər şeyi müəyyən etməlidir: daxil olsun, ya olmasın, ya da hansı istiqamətlərdə irəliləsin.
Düşünürəm ki, Azərbaycan bu fikrə gələcək, sadəcə olaraq bunun üçün vaxt yetişməyib. Müxtəlif mövqelər var, müxtəlif fikirlər var. Belə fikir və mövqelər həm də müxtəlif ölkələrlə, müxtəlif qurumlarla iqtisadi münasibətlər və əlaqələrin yaradılması aspektləri ilə bağlı digər MDB ölkələrində mövcuddur. Başlıcası, heç bir halda təzyiq etmək və bu məsələnin altında hansısa fitnə-fəsad axtarmaq lazım deyil. Hər kəs vaxt keçdikcə öz seçimini edəcək. Həmin vaxtı gözləyəcəyik, bu bir daha onu sübut edəcək ki, bu prosesdən Azərbaycan ancaq fayda götürə bilər və bu onun Qərbə olduğu kimi, Şərqə də irəliləməsinə maneçilik heç bir maneçilik törətmir".
Maraqlıdır ki, Yarov praqmatik ekspert kimi MDB-nin iqtisadi baxımdan uğursuz qurum olduğunu da anlayır: "MDB çərçivəsində iqtisadi tərkib baxımından, inteqrasiya kifayət qədər səmərəli deyil. Digər istiqamətlərdə fəaliyyət növlərinin axtarıb tapılması ilə bağlı suallar da məhz buradan yarandı: Gömrük İttifaqı, Vahid İqtisadi Məkan, ATZ.
Bu məhz ondan xəbər verir ki, doğru yolun seçilməsi və qarşılıqlı əməkdaşlığın daha səmərəli formasının müəyyənləşdirilməsi ilə bağlı axtarışlar gedir. Axı bütün dövlətlər əməkdaşlıqdan iqtisadi gəlir əldə etmək istəyirlər ki, milli iqtisadiyyata kömək edə bilsinlər.
Buna görə də hesab edirəm ki, bu olduqca təbii bir prosesdir. Biz ancaq 20 ildir ki, bir yerdə yaşayırıq. Böyük tarixi yol keçən və Aİ-yə inteqrasiya edən ölkələrə gəlincə isə, onların təcrübəsi bizim üçün faydalı ola bilər. Sadəcə olaraq, biz özümüz özümüzün qarşımızda böyük tələblər qoyuruq və onların illər ərzində nail olduqlarına artıq bu gün çatmaq istəyirik. Lakin bunun üçün obyektiv amillər mövcuddur."

Dünya hökumətinə doğru?

Beləliklə, bu qısa yazıda çağdaş dünyada baş verən qlobal geopolitik oyunların səbəblərini və yığcam mənzərəsini təsvir etməyə çalışdıq.
Amma bütün bu proseslərin alt qatında çox sadə bir həqiqət də gizlənir: dünya dövlətləri tədricən inteqrasiya olunub vahid bir sistemdə birləşəcək və planetdəki bir çox xoşagəlməz proseslərin qarşısını almaq və həll etməyin başqa yolu yoxdur.
"Vahid sistem" deyərkən müəyyən dairələrdə müzakirə predmeti kimi dəbdə olan "dünya dövləti", "gizli dünya hökuməti" anlayışlarını nəzərdə tutmuruq.
Məsələ burasındadır ki, dünya dövlətlərinin vahid bir sistemə inteqrasiyası hələ XX əsrin I yarısında başlanıb - əvvəlcə Birləşmiş Millətlər Liqası, sonradan isə Birləşmiş Millətlər Təşkilatının nümunəsində. Daha sonar Avropa Gömrük İttifaqı və Avropa Birliyi yaradıldı. Ardından İslam İnkişaf Konfransı, Afrika Birliyi, Cənubi Amerika İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatı, GUAM və s. və i.a. yaradılmağa başlandı.
Necə deyərlər, proseslər göz qabağındadır: dünya və onunla bərabər insanoğlu da özünün ilkin halına qayıdır...
Düzdür, bu proses bəzən olduqca ağrılı epizodlarla müşahidə olunur. Amma planetin və dünya xalqlarının perspektivi baxımından ikinci bir alternativ görünmür...

Savalan