Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində "Xaşxaş 2017 kompleks tədbirlər planına uyğun olaraq tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, növbəti belə uğurlu tədbir Balakən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilib.
Balakən rayonunun Hənifə kəndində sakinlərdən birinin həyətində narkotik tərkibli bitki yetişdirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
RPŞ rəhbərliyinin göstərişi ilə yaradılan qrup tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb, Hənifə kənd sakini Vüqar Əhmədova məxsus evə və həyətyanı sahəyə baxış keçirilib. Həyətyanı sahədən ümumilikdə 53 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
V.Əhmədovun evinə baxış zamanı isə evin müxtəlif yerlərində gizlədərək saxlanılan külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb və ekspertizaya təqdim olunub.
Ekspertiza həmin narkotik vasitənin 3,5 kiloqram qurudulmuş marixuana olması barədə rəy verib. Araşdırmalarla V.Əhmədovun həmin narkotik vasitəni satış məqsədi ilə saxladığı müəyyən edilib.
Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.