Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir.
Azərbaycan kontekstində də ölkənin diversifikasiyası, regionların inkişafı üçün məhz bu sənaye həlledici əhəmiyyət kəsb edir. Turizmdə Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyeva dəfələrlə qeyri-neft sektorunun inkişafı kontekstində turizmin prioritet istiqamət olduğunu qeyd ediblər.
Bununla yanaşı, ölkəmizdə turizm sahəsində ciddi problemlər hələ də qalmaqdadır. Bu problemlər özünü daha çox bəzi qurumların bu prosesə bürokratik əngəllər yaratmasında göstərir. Mingəçevir şəhəri turizm imkanlarına görə regionlar arasında xüsusi çəkiyə malikdir. Şəhərdə fəaliyyət göstərən bəzi qurumların prosesə neqativ yanaşması sahibkarların haqlı narazılığına səbəb olur. Bu sahədə qısa araşdırma aparmaq qərarına gəldik.
İlk olaraq yolumuzu "Rive Side otelindən saldıq. Məlumat üçün qeyd edək ki, "Rive Side oteli 2007-ci ildə inşa edilib. Şəhərin Avropa standartlarına cavab verən ilk otelinin açılışını da məhz prezident İlham Əliyev edib.
10 illik fəaliyyəti dönəmində "Rive Side oteli, ümumilikdə bu şəbəkəyə aid sahibkarlıq obyektlərində yüzlərlə şəhər sakini çalışır. Onların böyük əksəriyyətini isə gənclər təşkil edir. Otel rəhbərliyi öz biznes siyasətlərini ölkə rəhbərliyinin strateji hədəflərinə adekvat şəkildə qurub. Məhz buna görə ötən il baş verən devalvasiyalar zamanı bu şəbəkəyə aid obyektlərdə ixtisarlar olmayıb, əksinə yeni-yeni iş yerləri açılıb. İlham Əliyev iqtisadi müşavirələr zamanı ən çox üzərində dayandığı məsələ də məhz işsizliyik probleminin aradan qaldırılması ilə bağlı olub. Bu mənada bu kimi qurumların ayaqda qalması üçün yerli icra orqanları maraqlı olmalıdırlar.
"Rive Side oteli demək olar ki, fəaliyyətini dayandırmaq üzərədir (səbəbi növbəti yazımızda).
Bu da öz növbəsində yüzlərlə iş yerlərinin azaldılması deməkdir.
Azərbaycanda turizmin inkişafı üçün mükəmməl imkanlar mövcuddur və bu gün həmin imkanlardan kifayət qədər istifadə edilir. Əldə edilən nəticələr, ölkəmizə gələn turistlərin sayının ildən-ilə artması da onu göstərir ki, bu istiqamətdə dövlət və özəl sektorun apardığı birgə siyasət öz səmərəsini verir. Belə olan təqdirdə dövlət qurumları özəl qurumlara xüsusi dəstək göstərməli, İlham Əliyevin sahibkarlarla bağlı verdiyi tapşırıqları icra etməlidirlər.
Növbəti yazımızda "Rive Side oteli və bu şəbəkəyə aid digər sahibkarlıq obyektlərində yaşanan kritik durumun əsl səbəbləri açıqlanacaq.