Azərbaycanda yüksək vəzifələrdə çalışan bəzi məmurlar, həmşinin deputatlar həm də müxtəlif ali təhsil ocaqlarında dərs deyirlər.
Unikal.org Modern.az-a istinadən xəbər verir ki, sayt bununla bağlı dəqiqləşdirmələr aparmaq üçün bir neçə ali təhsil müəssisəsi ilə əlaqə saxlayıb.
Məlum olub ki, Bakı Dövlət Universitetində (BDU) daxili işlər naziri Ramil Usubov, xarici işlər naziri Elmar Məmmədyarov, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə kimi yüksək postlar tutan şəxslər pedaqoji fəaliyyət göstərirlər. Yəni onlar tədris prosesində iştirak edirlər. Eyni zamanda, universitetdə onlarla belə tanınmış şəxs, ali struktur rəhbərləri, akademiklər var.
Ramil Usubov Hüquq fakültəsinin Dövlət imtahan komissiyasının sədridir. Eyni səlahiyyəti Elmar Məmmədyarov Beynəlxalq münasibətlər ixtisasında, professor A.Paşazadə isə İlahiyyat fakültəsində icra edir.
Milli Məclis sədrinin birinci müavini, professor Ziyafət Əsgərov, Ailə, Qadən və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova, Mərkəzi Seçki Komissiyasının sədri, professor Məzahir Pənahov və bir çox digərləri BDU-da kafedra müdiridirlər. Milli Məclisin 11 üzvü, AMEA-nin 20 həqiqi və müxbir üzvü BDU-nun müəllimləridir.
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) baş nazirin müavini Yaqub Eyyubov İnşaat fakültəsində "Bünövrələr, özüllər və yeraltı qurğular" kafedrasının, Bakı şəhərinin keçmiş baş memarı Elbəy Qasımzadə Memarlıq fakültəsində "Memarlıq layihələndirilməsi və şəhərsalma" kafedrasının, Nazirlər Kabinetinin keçmiş şöbə müdiri İsmayıl Sadıqov Nəqliyyat fakültəsində "Materiallar müqaviməti" kafedrasının müdiridirlər.
Bundan başqa, Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi əvəzi - baş memar Akif Abdullayev Memarlıq fakültəsində buraxılış işlərinin müdafiəsi üzrə Dövlət Attestasiya Komissiyasının sədridir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Məclisin deputatı Hüseynbala Mirələmov "Neftin və qazın nəqli və saxlanması kafedrasının müdiridir.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçmiş maliyyə naziri Əvəz Ələkbərov "Maliyyə və maliyyə institutları, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev "Beynəlxalq iqtisadi münasibətlər, deputat Xanhüseyn Kazımlı "Qiymət və qiymətləndirmə kafedrasının müdirləridir.
Azərbaycan Tibb Universitetində isə Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov Tərbiyə işləri üzrə prorektor kimi fəaliyyət göstərir.