"Bu gün AZAL təyyarələrdə sərnişinlərə müxtəlif nəşrlər təqdim edir. Mən hətta kiçik nəşrlərdə Azərbaycan şairlərinin şeirlərini, nağıllarımızı, uşaqlar üçün kitabların qoyulmasının tərəfdarıyam.
Unikal.org-un məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, səfərə gələn insanlar Azərbaycana haqqında nəinki televiziya, nəşrlər vasitəsi ilə də məlumat almalıdırlar:
"Bu, mədəniyyətə yeni baxış ola bilər. Mədəniyyət Azərbaycanın aynası olaraq hər bir aviasiya şirkətinin sütunlarından biri olmalıdır. Biz əgər onu düzgün istifadə etmiriksə, məqsədimizə nail ola bilmərik. Azərbaycana gələnlər təkcə yemək, biznes, pul xərcləmək üçün gəlmirlər. Onlar ilk növbədə Azərbaycanın mədəniyyəti, həyat tərzi, təfəkkürü ilə tanış olmaq üçün gəlirlər. Ona görə də hesab edirəm ki, turizm şirkətləri Azərbaycanın zəngin mədəniyyətinin təbliğini əsas götürməlidirlər. Bunları ona görə demirəm ki, mədəniyyət və turizm naziriyəm. Sözsüz ki, bu amilin də rolu var. Amma müxtəlif mənbələrdən eşidirəm ki, ölkəmizə gələnləri Azərbaycanın mədəniyyəti, insanpərvərliyi, mətbəxi daha çox cəlb edir.
Nazirin sözlərinə görə, bu ilin doqquz ayının nəticələri göstərir ki, Azərbaycana gələn turistlərin sayında 21 faiz artım var: "Sözsüz ki, turizmin inkişafı müasir nəqliyyat vasitələri olmadan mümkün deyil. Sevindirici haldır ki, Azərbaycana avtobus və avtomobillə gələnlərin sayı çoxalıb. Eyni zamanda yaxın vaxtlarda istismara veriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun turizm məqsədi ilə istifadəsi gündəlikdədir. Etiraf etməliyik ki, turizmin inkişafı birbaşa olaraq hava nəqliyyatı ilə bağlıdır. Hava nəqliyyatı isə son vaxtlar nəinki paytaxtda, eyni zamanda digər şəhərlərdə inkişaf edir.(apa.az)