Soyuducunun icadından minlərlə il əvvəl insanlar qida məhsullarını uzun müddət saxlaya bilmək üçün müxtəlif üsullardan istifadə ediblər.

Unikal.org metbuat.az-a istinadən xəbər verir ki, bunlardan ən maraqlısı bataqlıqda qida saxlamaqdır. Bir neçə gün öncə İrlandiyanın Drakerat adlı yaşayış bölgəsindəki bataqlıqdan 2000 illik tarixə malik olan, 10 kq ağırlığında kərə yağı tapılıb. Məlumata görə, hələ də yeyilməli vəziyyətdə olan kərə yağı hazırda "Cavan County" muzeyində nümayiş olunur.
Cek Konvey adlı bağbanın təxminən 3,5 m dərinlikdə tapdığı yağın bu qədər müddətdən sonra hələ də yeyilə biləcək vəziyyətdə olması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Fikirlərdən biri budur ki, bataqlıqlarda temperatur aşağı, oksigen də az olur. Arxeoloqlar yağın rahat ovulduğunu, pendir dadına oxşar dada malik olduğunu deyirlər. Arxeoloqlardan biri olan Halpin deyib: "Yeyilə biləcək halda olduğunu deyirik, sadəcə olaraq, kiməsə yeməyi təklif etmirik".
Onun sözlərinə görə, yağın tapıldığı bölgə 11 qəsəbənin birləşdiyi əhəmiyyətli yerdir: "Qədim dövrlərdə bu bataqlıq əlçatmaz və sirli yer idi. Bu bölgə üç krallığın birləşdiyi yer sayılırdı. Siyasi cəhətdən də heç kimə aid olmayan orta yer kimi qəbul edilirdi".

Xüsusilə İrlandiyada bir çox nümunəsi olan bu cür kərə yağlarına "bataqlıq kərə yağı (bog butter)" deyilir. Bölgə sakinləri əvvəllər kərə yağlarını qoruya bilmək üçün bataqlıqda basdırıb, sonrakı illərdə ehtiyac olduqca, qazaraq həmin ərazilərdən çıxarmağı planlaşdırırdı. Ancaq bataqlıq kərə yağlarının qədim zamanlarda bolluq olsun deyə tanrılara, ya da ruhlara əhd olaraq verildiyi də iddia edilir.
İrlandiyada məşhur şef aşpazı Kevin Tornton bildirib ki, o, bir neçə dəfə bataqlıq kərə yağlarının dadına baxıb.