Qonorarın yığılması və bölüşdürülməsini əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat və Müəllif Hüquqları Agentliyi həyata keçirəcək
Audiovizual əsərlərin efir yayımı televiziyası və kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə bu əsərlərin yaradıcı heyətinə qonorar ödəniləcək.
Unikal.org APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı"nda etdiyi dəyişikliklərdə əksini tapıb.
Bu hallarda həmin audiovizual əsərlərin yaradıcı heyətinə 0,5 faizlə (istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən reklamdan, sponsordan və digər mənbələrdən daxil olmalarla) qonorar ödənilməlidir. Audiovizual əsərlərin efir yayımı televiziyası və kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə alınan qonorarın yaradıcı heyət arasında bölünməsi qaydası da müəyyənləşib. Beləliklə, bədii filmlərə görə ümumi pul yığımının 17 faizi yaradıcı heyət arasında ssenari müəllifi və quruluşçu rejissorun hər birinə 6 faiz, quruluşçu operator və quruluşçu rəssamın hər birinə 2 faiz, bəstəkara 1 faiz olmaqla bölüşdürüləcək. Musiqili filmlərə görə ümumi pul yığımının 18 faizi ssenari müəllifi və quruluşçu rejissorun hər birinə 6 faiz, quruluşçu operator, quruluşçu rəssam bəstəkarın hər birinə 2 faiz olmaqla veriləcək. Cizgi filmlərinə görə ümumi pul yığımının 17 faizi ssenari müəllifinə 4 faiz, quruluşçu rejissora 6 faiz, quruluşçu operatora 2 faiz, quruluşçu rəssama 4 faiz, bəstəkara 1 faiz olmaqla bölüşdürüləcək. Sənədli və elmi-kütləvi filmlərə görə ümumi pul yığımının 16 faizi ssenari müəllifinə 4 faiz, quruluşçu rejissora 6 faiz, quruluşçu operatora 4 faiz, quruluşçu rəssam v bəstəkarın hər birinə 1 faiz olmaqla veriləcək.
Beləliklə, Azərbaycan ərazisində audiovizual əsərlərin efir və kabel (o cümlədən, retranslyasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, müxtəlif daşıyıcılarda tirajlanmasını və yayılmasını (satış və kirayəyə verməklə), həmçinin kütləvi nümayişini həyata keçirən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəyirlər. Audiovizual əsərlərdən istifadəyə görə müəlliflərə çatacaq qonorarın yığılması və bölüşdürülməsi audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Müəllif Hüquqları Agentliyi tərəfindən həyata keçiriləcək. Müəllif qonorarının ödəyiciləri istifadəsinə icazə aldığı audiovizual əsərlərin qeydiyyatını, hesabat dövründə hər bir əsərdən istifadəyə görə əldə edilən gəlirin uçotunu aparmalıdırlar. Ödəyicilər müəllif qonorarı ödəməklə yanaşı, audiovisual əsərlərin müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilata və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Müəllif Hüquqları Agentliyinə hesabat dövründə istifadə etdikləri əsərlərin siyahısını (müəlliflərin adı və hər əsərdən istifadəyə görə əldə edilən gəlirin miqdarı ayrı-ayrılıqda göstərilməklə) təqdim etməlidirlər. Audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat hər bir əsərin istifadəsinə görə aldığı qonorarı müəyyənləşdirilən nisbətdə bölməyi və müəlliflərə (hüquqi varislərə) çatdırmağı təmin edir.