"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Bakı şəhərindəki Qış Təsərrüfatı Sahəsi yenidənqurmadan sonra istismara verilib.
Agentlikdən unikal.org-a verilən məlumata görə, qarlı-şaxtalı havalarda paytaxt yollarına yüksək səviyyədə xidmət göstərilməsi üçün sahədə hər-bir şərait yaradılıb.
Müasir tələblərə cavab vermədiyindən əvvəlki Qış Təsərrüfatı sahəsi sökülərək yerində yeni texniki baza yaradılıb. Buz bağlanan yolların təmizlənməsi üçün tədarük edilən qum, duz və digər qatqıların saxlanması üçün yeni anbarlar inşa edilib. Bununla paralel yeni anbara ilkin olaraq 500 tondan artıq duz tədarük edilib. Texnikaların saxlanması üçün xüsusi meydançalar hazırlanıb.
Açılış mərasimində çıxış edən "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov bildirib ki, dövlət başçısının tapşırıqlarına əsasən son illər ölkənin, eləcə də paytaxtın avtomobil yolları beynəlxalq tələblər səviyyəsində yenidən qurulub. Həmin yollara qarlı-şaxtalı havalarda yüksək səviyyədə qulluq göstərilməsi üçünsə belə bir təsərrüfat sahəsinə ehtiyac var idi. Sahədə texnikaların, zəruri materialların saxlanması və işçilərin normal fəaliyyəti üçün hər bir zəruri tədbir görülüb.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov isə bildirib ki, paytaxt və ətraf qəsəbələrin yolları son illər əsaslı şəkildə yenidən qurulub. Bu yolların uzunömürlü olması üçünsə belə sahənin olması təqdir ediləsi haldır.
Daha sonra Qış Təsərrüfatı sahəsində yaradılan şəraitlə tanışlıq olub. Məlumat verilib ki, idarənin inzibati binası kiçik olduğu üçün yeni korpus inşa edilib. Bina davamlı internet, telefon, istilik və digər avadanlıqlarla təmin edilib. Təsərrüfat sahəsinin həyətində də bir-sıra işlər görülüb. Həyət və ətraf ərazi abadlaşdırılıb.
Ümumiyyətlə "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu ilin payız-qış mövsümünə hazırlığı hələ oktyabr ayında yekunlaşdırıb.