Ağcabədi rayonunda piyadaların ölümü ilə nəticələnən iki yol qəzası baş verib.

Unikal.org "Report"a istinadən  xəbər verir ki, qəzalardan biri rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, həmin ərazidə yolu keçmək istəyən rayon sakini Talıb Quliyevi "KamAZ" markalı yük avtomobili vurub. Nəticədə o, ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq T.Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Qəzani törədən sürücü hadisə yerindən qaçmağa cəhd göstərib. Lakin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində "KamAZ markalı avtomobilin sürücüsü - Laçın rayon sakini Sahib Nəsibov saxlanılıb.

Digər hadisə isə rayonun Üzeyir Hacıbəyov küçəsində baş verib. Rayon sakini Xosrov Əsədov idarə etdiyi "VAZ-2109 markalı avtomobillə yolu keçən Cəfərbəyli kənd sakini Cəfər Məmmədovu vurub. Nəticədə o, ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.