"Gilavar" hava və ekstrim idman klubunun üzvü olan 3 alpinist - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxıb, ancaq geri qayıtmayıb.
Unikal.org xəbər verir ki, bir həftədir ölkə gündəminə çevrilən alpinistlərin axtarışı məsələsini könüllülər adından paylaşılan məlumatlar daha da gərginləşdirdi. Belə ki, məlumatlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində yaradılan qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyevin axtarış işlərində səhlənkarlıq etdiyi, axtarış müddətini qəsdən uzadaraq yeyintiyə yol verdiyi və digər xoşagəlməz hallar olduğu qeyd edilib.
Saytlarda sözügedən məlumatın axtarışlarda iştirak edən Rusif Bağırov tərəfindən yayıldığı, adı çəkilən şəxsin isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) bağlı olduğu barədə yazılar dərc edilmişdi.
ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bununla bağlı xeber365-ə açıqlama verərək məsələyə aydınlıq gətirib:
"Rusif Bağırov ETSN-in əməkdaşı deyil və onun nazirliklə, ümumiyyətlə, heç bir əlaqəsi yoxdur. Kənddə yaşayan bir adamdır. Bu, cəfəngiyyatdır. Alpinistlərin itkin düşməsi ilə bağlı məlumat alınan ilk gündən etibarən Ekologiya Nazirliyinin həmin ərazini tanıyan əməkdaşları FHN-lə birgə axtarışlarda iştirak edib. Yəni alpinistlərimizin tapılması üçün iki nazirlik əl-ələ verib çalışıb.
Ola bilər ki, kimsə iki dövlət qurumunu üz-üzə qoymaq, görülən işlərə kölgə salmaq istəyir və yayılan qeyri-səhih məlumatlar da buna xidmət edir. Əksinə, Ekologiya Nazirliyi bütün qüvvələrini tabe edib könüllü surətdə Fövqəladə Hallar Nazirliyinin qərargah rəisinə ki, bir əldə idarə olunsun. Əsas məsələ kömək etməkdir. Birmənalı şəkildə deyirəm ki, yayılan məlumatlar təəssüf hissindən başqa bir şey doğurmur. Kimsə intriqa məqsədi ilə ola bilsin hardasa məqsədli şəkildə nə isə yazıb, amma rəsmi mətbuatda buna rast gəlməmişik. Bir daha bildirirəm ki, bu cəfəngiyatdan başqa bir şey deyil.