Gəncə Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının keçmiş rektoru Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin qərarına əsasən, R.Məmmədova Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə sınaq müddəti təyin olunub və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, R.Məmmədov 2000-ci ildən 2013-cü ilədək Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının rektoru olub. Ancaq 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub və filial ləğv edilib. Yoxlamalar nəticəsində bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunub. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (külli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.