Xızıda silah anbarında partlayışla əlaqədar aparılan əməliyyatlar yekunlaşıb.
Unikal.org-un məlumata görə, Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışla əlaqədar aparılan təmizləmə əməliyyatları bu gün yekunlaşıb.
Ərazilərdən tapılan partlamamış hərbi sursatların gələn həftə təhlükəsiz şəraitdə partladılması nəzərdə tutulub.
Qeyd edək ki, əməliyyatların davam etdiyi 133 gün ərzində ətraf ərazilərdə yerləşən evlərə, həyətyanı sahələrə, ferma ərazilərinə, əkin və otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, rabitə qovşağına, telestudiya ərazisinə, kənd qəbiristanlığına, su kanalına, istixanaya, hərbi şəhərciyə, kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində yerli sakinlər arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb
Qeyd edək ki, ötən il avqustun 27-də Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.