Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin mənimsəmədə təqsirləndirilən əməkdaşı Əlisultan Məmmədov, bankın digər əməkdaşları Ramin Səməndərov, Kifayət Səmədova, Hacalı Cavadovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Əlisultan Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Bankın digər əməkdaşları Ramin Səməndərov və Kifayət Səmədovaya isə şərti cəza verilib.

Xatırladaq ki, prokuror çıxışında Əlisultan Məmmədovun 8 il, Ramin Səməndərovun 6 il, Kifayət Səmədovanın 2 il və Hacalı Cavadovun isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Şamaxı filialının direktoru olmuş Ə.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib. Digər şəxslər də bankın əməkdaşlarıdır.

Onlar barəsində həbs qətimkan tədbiri seçilməmişdi.