Bakıda bu gün səhər güclü yanğın baş verib. FHN-dən Unikal.org-a verilən xəbərə görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib.
Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib.
Saat 08:18-də yanğın məhdudlaşdırılıb. Yanğının yayılma təhlükəsi yoxdur.
Respublika Narkoloji Dispanserinin yanan 2-ci korpusundan 1 nəfərin meyiti çıxarılıb. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın baş verən binada pasiyentlərin qaldığı ehtimal edilir.
Respublika Narkoloji Dispanserində yanğın zamanı 30-dan artıq pasiyent təxliyə olunub. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Həmçinin bildirilib ki, yanğın zamanı xəsarət almış şəxslərdən üçü xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, hadisə yerinə 10-dək təcili tibbi yardım briqadası cəlb edilib.
Hadisə yerinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov gəlib.
Yanğın xəstəxananın daimi yataq xəstələrinin müalicə aldığı 2-ci şöbəsində baş verib.
***
Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın lokallaşdırılıb.
Yanğın zamanı 3 nəfər yaralanıb. Xəsarət alanlardan biri 1966-cı il təvəllüdlü Əliyev Mahirdir. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.