Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov martın 2-də Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində yanğın zamanı həlak olan və yaralanan şəxslərin ailələri ilə görüşəcək.

Bu barədə Unikal.org-a BŞİH başçısının  köməkçisi bildirib.

O vurğulayıb ki, hazırda dünyasını dəyişən və xəsarət alan şəxslərin ailələri ilə əlaqə saxlanılır:

"Yaxın 2-3 saat ərzində yanğın zamanı həlak olan və yaralanan şəxslərin ailələri ilə görüş keçiriləcək. Cənab prezidentin göstərişi ilə, onların hər birinə maddi yardım veriləcək.

Mer köməkçisi maddi yardımın məbləğnin miqdarı yaxın saatlarda bəlli olacağını da deyib: 

"Hazırda digər məsələlərlə yanaşı, maddi yardımın miqdarı da müəyyənləşdirilir.

Qeyd edək ki, prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və səhiyyə nazirinə həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərə təcili olaraq lazımi tibbi yardım edilməsi ilə bağlı göstərişlər verib.