1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordusu, müxtəlif qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə anım tədbirləri təşkil olunub.
 

Hərbi hissələrdə soyqırımı ilə bağlı şəxsi heyətlə ictimai-siyasi hazırlıq dərsləri,  "dəyirmi masalar, konfranslar, toplantı və xüsusi məşğələlər keçirilib, kitab, foto və rəsm sərgiləri təşkil olunub, sənədli və bədii filmlər nümayiş etdirilib.
 

Bundan əlavə, şəxsi heyət Quba Soyqırımı Memorial Kompleksini, eləcə də Bakıda və respublikanın digər şəhər və rayonlarında soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edib.