Arif Rəhimov: "Azarkeşlərin Azərbaycan Qran-Prisinə maraqları böyükdür"

İyun ayında Azərbaycan Qran-Prisinin təşkilatçıları qərar verməlidirlər. Belə ki, Formula 1 Azərbaycan Qran-Prisinin Azərbaycanda keçirilməsi 2020-ci ildə bitir. Müqaviləni daha 5 il artırılıb-artırılmamasına təşkilatçılar qərar verməlidir.

Unikal.org Sputnik Azərbaycana istinadən bildirir ki, bunu Bakı Şəhər Halqasının rəhbəri Arif Rəhimov bildirib.

O deyib ki, Azərbaycan tərəfi yarışı keçirmək üçün xərclərin çox olduğunu nəzərə alaraq ödənişləri azaltmaq istəyir: "Müqavilə şərtlərini müzakirə edən zaman pul məsələsi danışılan şərtlərdən sadəcə biridir. Bir neçə belə məsələlər müzakirə olunur. Bir tərəfdən Formula 1-in Azərbaycanda keçirilməsinin davamlı olmasını istəyirik, digər tərəfdən də anlayırıq ki, bu yarış üçün lazım olandan daha çox pul ödəyirik. Ona görə də biz ortaq məxrəcə gələcək bir qərar qəbul etməyə çalışırıq. Düşünürəm ki, Formula 1 bizim üçün çox şey edib. Amma bildiyimə görə bu layihə nəinki bizim üçün, elə Formula 1 üçün də maraqlıdır. Eyni zamanda azarkeşlərin də Azərbaycan Qran-Prisinə maraqları böyükdür. Bizə Azərbaycanda Formula 1 yarışı keçirmək çox xoşdur".