"Neftçi klubunda daha bir istefa baş tutub. 

Unikal.org-un məlumatına görə, klubun mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu vəzifəsindən ayrılıb.

Bununla bağlı feysbuk səhifəsində status paylaşan Şabanoğlu səhhəti ilə əlaqədar istefa verdiyini bildirib:

"Neftçi" çox böyük dəyərdi. Bunu bilmək, nə qədər şərəfli bir yerdə çalışdığını dərk etmək klubun hər bir rəhbər şəxsinin və sıravi əməkdaşının, bu formanın müqəddəsliyini anlamaq, haqqını vermək hər bir futbolçunun borcudu.

Bu klub və xüsusən də bu azarkeş hər yarışda yalnız və yalnız 1-ci yerə, çempionluqlara, kuboklara layiqdi! Kuboku çox arzulasam da, klubda çalışdışdığım 7 ayda qazancım "Keşlə" ilə oyun günü aşkarlanan diabet oldu. "Neftçi"yə canım fəda! Bilənlər bilir ki, pafos xatirinə demirəm. Amma mən tək deyiləm, bu yaşda tutulduğum xəstəlikdən sonra mənə hamıdan və hər şeydən dəyərli olan ailəmi də düşünmək məcburiyyətindəyəm. Buna görə sevimli klubumdan öz istəyimlə ayrılmağa qərar verdim. Başda klub rəhbərliyi olmaqla şərəfli görəvdə mənə dəstək olan hər kəsə dərin minnətdarlığımı bildirirəm.

"Neftçi" mətbuat xidmətinin kollektivinə, bu möhtəşəm ailənin hər üzvünə xüsusi təşəkkür edirəm. Bəlkə Allah nəsib edər nə vaxtsa yenidən əbədi sevgimiz "Neftçi"də bir yerdə olarıq. Həyat davam edir. Ruhdan düşməmək, daha böyük istəklə çalışmaq lazımdı. Çempionatın həlledici oyunları var. Sevimli komandamın uğurlu çıxış edib uzun həsrətdən sonra medal qazanacağına inanıram! Bir neçə gün gözləyə bilsəm bu medaldan mənə də pay düşərdi. Amma önəmli olan komandamın uğurudu.

"Neftçi"də işlədiyim müddətdə hər an dəstəyini hiss etdiyim jurnalist həmkarlardan və Azərbaycanın N1 azarkeş qrupu "Forza Neftçi" başda olmaqla klubu səmimi qəlbdən sevən bütün azarkeşlərdən komandamıza çempionatın qalan 3 oyununda dəstəklərini əsirgəməməyi xahiş edirəm.

Nə mutlu "NEFTÇİLİYƏM" deyənə!