Futbol üzrə Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.
Unikal.org xəbər verir ki, "Kral klubu" ardıcıl üçüncü mövsüm həlledici mərhələyə vəsiqə qazanıb.
Zinəddin Zidanın baş məşqçi olduğu kollektiv yarımfinalda Almaniya "Bavariya"sını üstələyib.
Almaniyadakı qarşılaşmada 2:1 hesablı qələbə qazanan "Real Madrid" doğma "Santyaqo Bernabeu" stadionundakı görüşü heç-heçə başa vurub - 2:2. Meydan sahiblərindən hər iki qolu Kərim Benzema vurub. O, 11-ci və 46-cı dəqiqələrdə "dubl" edib. "Bavariya"dan isə 3-cü dəqiqədə Coşua Kimmix, 63-cü dəqiqədə elə "kral klubundan icarəyə götürülmüş Xames Rodriges fərqlənib.
Matçda ən çox müzakirə olunan epizod ilk yarının uzatma dəqiqəsində "Real Madrid"in kapitanı Marselonun əlinə dəyən topdan sonra türkiyəli referi Cüneyt Çakırın penalti təyin etməməsi olub. Bundan başqa, meydan sahiblərinin ikinci qolunda "Bavariya"nın qapıçısı Sven Ulrayxın kobud səhvə yol verməsi ilə diqqət çəkib.
Qeyd edək ki, "Real Madrid"in finaldakı rəqibi bu gün İtaliyada "Roma" ilə İngiltərə "Liverpul"u arasındakı digər yarımfinal matçının nəticəsinə əsasən müəyyənləşəcək. "Liverpul" ilk görüşdə 5:2 hesablı qələbə qazanıb.
Çempionlar Liqası, Yarımfinal, cavab oyunu
1 may
22:45. "Real Madrid (İspaniya) - "Bavariya (Almaniya) - 2:2
Qollar: Kərim Benzema, 11; 46 - Coşua Kimmix, 3. Xames Rodriges, 63
İlk oyun - 2:1
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Madrid. "Santyaqo Bernabeu" stadionu