Qarsda keçirilən hərbi təlimlər işğalçıya güclü mesajdır.
Unikal.org xəbər verir ki, bu sözləri Axar.az-a Türkiyə və Azərbaycanın Qarsda keçirdiyi birgə hərbi təlimlər haqda danışarkən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi Qarsda keçirilən son hərbi təlimləri çox vacib hesab edib:
"Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq inkişaf edir. Faktiki iki ildir Azərbaycanın müxtəlif yerlərində birgə hərbi təlimlər keçirilir. İşğalçı görməlidir ki, Azərbaycanın strateji müttəfiqi hər zaman ölkəmizə dəstək verməyə hazırdır. Necə ki, Rusiya işğalçını dəstəkləyir. Türkiyə hərbi əməkdaşlıqda Azərbaycana üstünlük verir və Naxçıvan bölgəsini qorumağa hazırdır. Bu mənada keçirilən təlimlərin böyük əhəmiyyəti var. Azərbaycan Ordusunun NATO standartlarına yaxınlaşması ölkəmiz üçün çox vacibdir.
Politoloq Naxçıvan istiqamətindəki son hərəkətlənmələrin xüsusi bir tərəfini də açıqlayıb:
"Naxçıvanın vəziyyəti artıq 90-cı illərin vəziyyətindən xeyli fərqlənir. İndi Naxçıvan çox məhkəmlənib, hərbi hissələrdə modern silahlar var. Prezident İlham Əliyevin Naxçıvana səfərinin ardından Qarsda keçirilən son hərbi təlimlər özündə mühüm bir məqamı ehtiva edir. Belə ki, hər an işğalçıya Naxçıvan istiqamətindən güclü zərbə vurula bilər. Aydındır ki, bu da işğalçını narahat edir. O üzdən Qarsda keçirilən hərbi təlimlər Ermənistana güclü mesajdır.
Qeyd edək ki, Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin 29-31 may tarixlərində Qars şəhərində birgə hərbi təlimləri baş tutub.