Bu gün Ali Məhkəmədə bloqqer Mehman Hüseynovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Unikal.org "Report"-a istinadən xəbər verir ki, , İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun, xüsusi ittihamçının və onun nümayəndəsinin məhkəmədə iştirak etmədiyi elan olunub.
Hakim bildirib ki, M.Hüseynovun məhkəməyə gətirilməsi ilə bağlı cəzaçəkmə müəssisəsinə məktib göndərilib, lakin müəyyən səbəblərə görə onu məhkəməyə gətirməyiblər.
M.Hüseynovun vəkili də M.Hüseynovun məhkəmədə iştirak etməsini istəyib.
Proses iyunun 25-dək təxirə salınıb.
Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib.
O, bloqqerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.
Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Qərardan narazı qalan M.Hüseynov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.
Daha sonra M.Hüseynov kassasiya şikayəti verib. Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda kassasiya şikayəti qismən təmin olunub. M.Hüseynovun barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib.