Meşələrin biznes məqsədilə qəddarcasına kəsilməsi hallarının qarşısının alınması, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Cəlilabad rayon İcra Hakimiyyətində növbəti görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, nazirliyinin səlahiyyətli şəxslərinin, rayon İcra Hakimiyyəti rəsmilərinin, Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin, yerli hüquq-mühafizə orqanları əməkdaşlarının, ictimaiyyət və bələdiyyə nümayəndələrinin iştirak etdiyi görüşdə meşələrin qanunsuz kəsilməsinin qarşısının alınması, meşələrə və yaşıllıqlara qəddar münasibət, yanğın təhlükəsizliyi tələblərinə riayət olunması, cavabdeh şəxslərin və ictimaiyyət nümayəndələrinin məsuliyyətinin artırılması məsələlələri müzakirə edilib. Meşələrə amansız münasibət göstərərək qırıntılara yol verən şəxslərə qarşı ETSN tərəfindən qəti tədbirlərin görüləcəyi bildirilib. Ciddi ictimai nəzarətin həyata keçirilməsi üçün aidiyyəti şəxslərə və qurumlara tövsiyələr verilib.
Biznes məqsədilə meşələrdə ağacların qanunsuz kəsilməsi və oğurlanması hallarının qarşısının tam şəkildə alınması üçün rayonda ictimai nəzarətin və ictimai mühafizənin təşkilinə dair qərar qəbul edilib.
Nazirlik tərəfindən digər rayonlarda da meşələrin mühafizəsi, qanunsuz ağac kəsintisinə qarşı qəti və barışmaz mübarizə aparılması məqsədilə görüşlərin təşkili davam etdirilir.