Biləsuvar rayon sakini İkram Quluzadənin son 3 ayda ikinci oğurluq törətməsinin və azadlıqda gəzməsinin səbəbkarları kimi RPŞ-nin rəhbərliyinin və əməkdaşlarının göstərilməsi ilə bağlı məsələyə Daxili İşlər Nazirliyindən münasibət bildirilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Unikal.org-a açıqlamasında bildirilib ki, naməlum şəxs və ya şəxslər cari il mart ayında gecə saatlarında pəncərənin dəmir barmaqlığını sındırmaq yolu Biləsuvar rayonunun Ağlıkənd kənd poçt şöbəsinə daxil olaraq oradakı dəmir seyfi içərisindəki 60 manatla oğurladıqlarına görə RPŞ-nin İstintaq bölməsində fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan cinayətin Ağlıkənd sakini İsrafil Bayramov və İkram Quluzadə tərəfindən törədilməsi müəyyən edilib, hər iki şəxs saxlanılaraq istintaqa cəlb olunub.
İstintaq zamanı bu iki nəfərin həmyerliləri Zaur Məmmədova məxsus mağazadan ümumilikdə 427 manat dəyərində danışıq kartları, tütün məmulatları və digər mallar oğurlamaları da müəyyən edilib. Faktla bağlı RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, İsrafil Bayramova həmin cinayət işi üzrə yenidən ittiham elan edilib.
Təqsirləndirilən şəxslər barəsində rayon prokurorluğunun qərarına əsasən "polisin nəzarəti altına vermə qətiimkan tədbiri seçilib. Ona görə hər iki təqsirləndirilən şəxs sərbəst buraxılıb.
Zərurətlə əlaqədar Bayramov İsrafil Cahid oğlu və Quluzadə İkram Yaşar oğlu müvafiq qaydada istintaqa çağırılsalar da onlar üzrlü səbəblər olmadan istintaqdan qəsdən yayınıblar, bununla da qətimkan tədbirinin şərtlərini pozublar. Bu səbəbdən də onlarla istintaq hərəkətlərinin keçirilməsi mümkün olmayıb. Ona görə hər ikisinin tutulub istintaqa təhvil verilməsi məqsədi ilə mayın 1-də barələrində axtarış elan edilib.
Keçirilmiş tədbirlərlə axtarışda olan İsrafil Bayramov iki gün sonra Bakı şəhərində tutularaq Biləsuvar RPŞ-yə gətirilib və rayon məhkəməsi tərəfindən barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İstintaqla müəyyən edilib ki, İkram Quluzadə barəsində Xətai RRİ-nin İstintaq şöbəsində oğurluqla bağlı istintaq olunan cinayət işi üzrə axtarış elan edilməsi barədə qərar qəbul edilib. Biləsuvar RPŞ-də başlanılmış iki cinayət işi İkram Quluzadə barəsində paytaxtda istintaqı aparılan cinayət işi ilə birləşdirilib və araşdırılması Xətai RPİ-yə həvalə olunub.