Ötən ilin noyabrında "Dəli" ləqəbli Mayk Hyus meydana çıxdı. O hesab edirdi ki, Yer düzdür və əldəqayırma raketlə göyə uça bilər.

Unikal.org oxu.az-a istinadən bildirir ki, bu fikirlər bütün dünyaya yayıldı və Dəli Maykın adı dillər əzbəri oldu. Hətta planlaşdırılmış uçuşun icazə səbəbindən həyata keçirilməməsinə baxmayaraq, Mayk təslim olmadı.

61 yaşlı limuzin sürücüsü üzərində "Hamar Yeri araşdırın" yazısı olan qırmızı əldəqayırma raketi ilə mübarizəsini davam etdirirdi.

Dəli Mayk dediyinə əməl etdi və martın 24-də o, istəyinə nail oldu.

Hyus 1975 fut yüksəkliyə qalxdı. Onun düzəltdiyi aparat saatda 350 mil sürətlə hərəkət edirdi. Daha sonra paraşüt açıldı və o, yerə enməyə başladı. Onun enişi sərt olsa da, sağ qaldı.

Mən bu insana zəng etmək və onunla danışmaq qərarına gəldim. Bilmək istəyirdim ki, əldəqayırma raketlə 1800 fut yüksəkliyə qalxmaq necədir, həqiqətən, Yer hamardır?

VICE: Əvvəlcə təbrik edirəm!

"Dəli" Mayk Hyus: Çox sağ olun, bu, inanılmaz idi. Güman edirəm ki, bütün planetdəki insanlara ümid verdim. Bu oğlan bürokratlara rəğmən, nəsə edə bildi. Mən köhnə kovboyam. Azad quşam.

- Siz mənə raketin buraxıldığı gün və həmin anda nə hiss etdiyiniz haqqında danışa bilərsiniz?

- Səhər durursan və fikirləşirsən: "Bax, bu gün mən bunu edəcəm". Əlbəttə, bundan əvvəl bir neçə dəfə tullanmışam və hesabımda 2-3 uğursuz sınaq var. Emosiyalar eynidir. Gecə yata bilmirsən. Həmin gün oraya maşınla 2-3 saat yol getdik və ağlımda dolaşırdı: "Ola bilməz, bu sondur?".

Hə, biz raketi yerindən tərpədəndə qızlardan biri içəriyə öz alt paltarını atdı. İndi mən onları divardan asmışam. Həmin gün bizdə sızma yarandı. Bundan başqa, orada boltları bərkitməli olduq. Sızıntının haradan olduğunu tapmadıq. Bu, bütün işləri dəyişirdi.

- Bu, qorxuludur? Siz sanki həqiqi bombanın üzərində oturmusuz.

- Bəli, əlbəttə! Bütün enerji kürəyimin arxasında yerləşir. Təsəvvür edin ki, bu, zəncirlənmiş iblisdir və o, azadlığa çıxmaq istəyir.

- Siz, nəhayət ki, bunu edən zaman nələr baş verdi?

- Geriyə yolumuz yox idi: hətta radioqəbuledicim yox idi və əlimdə portativ radio tutmuşdum. Adamlarımdan biri dedi: "Yaxşı, Mayk, səndə hər şey hazırdır, nə vaxt istəsən, hərəkətə başlaya bilərsən". Son yoxlanışları apardım.

Birinci şar qapağını açdım və fikirləşdim: "Yaxşı, mən hazıram". Sonra ikinci şar qapağını açdım və o, hərəkətə keçdi! Nə baş verdiyini hələ başa düşmürdüm, ancaq uçurdum. 4-5 saniyə ərzində orada çox şeylər baş verdi. İş burasındadır ki, bədən hadisələrlə ayaqlaşa bilmir.

İkinci qapağı açanda nəyin necə baş verdiyini anlamadım. Huşumu itirməmişdim: nə baş verdiyini dəqiq bilirdim, adama elə gəlir ki, bu dəqiqə havaya qalxmısan, amma 300 fut yuxarıdasan. Elə bil ki, sənin sinəni min nəfər bir yerdə sıxır.

Birinci paraşüt avtomatik açılmalıdı idi. Bunu istəmirdim, adamlarım məni yola gətirdi. İdeya yaxşıdır, bilirdim ki, huşumu itirməyəcəyəm, ancaq digərləri bundan qorxurdu, mən onları başa düşdüm. Problem ondadır ki, birinci paraşüt gec açıldı. Mən daha 200 fut uça bilərdim. Paraşüt məndən aşağıda idi, havada necə fırlandığımı hiss etdim.

Artıq yeri görürdüm. Başa düşdüm ki, bu, zarafat deyil. Görürdüm ki, yerdəki insanlar mənə necə əl edir. Çox sürətlə hərəkət edirdim və əlimdəki radioəlaqə vasitəsilə çox sürətlə endiyimi bildirdim. Dostlarım isə bunun normal olduğunu dedilər. İkinci paraşütdən istifadə etmək qərarına gəldim. araşüt Paraşüt yerə düşməyimə 2 saniyə qalmış açıldı.

- Sizin enişiniz çox sərt oldu, indi necəsiniz?

- Yerlə ilk təmasda kürəyi üstə yerə dəydim. Bel nahiyəsində kəskin ağrılar hiss etdim. Belim iki dəfə sınıb və heç vaxt belə ağrı hiss etməmişəm. Elə bilirdim ki, belimi sındırmışam.

İndi yaxşıyam. Bir az istirahətə ehtiyacım var. Az hərəkət etməliyəm. O qədər çox hərəkət edirdim ki, gündəlik bir neçə dəfə uçuş yerinə gedib-gəlirdim, bir də məhkəmədə olurdum. Həyatım hələ qarşıdadır. Burada dörd pişiyimlə birlikdə öz evimdə yaşayıram.

- Sizi öz həyatınızla rus ruleti oyununu oynamağa nə vadar edirdi?

- Bilirsiniz, mən indi planetin ən dəlisov adamıyam.

- Bəli, məncə də, belədir.

- Düşünürəm ki, indi məni ciddiyə alacaqlar və kosmosa uçmağa hazırlaşıram ki, bütün milyarderləri "səfeh" çıxarım. İlon Mask, Ceff Bezos, mən bu uşaqlar üçün özəl uçuş təşkil edəcəm. Ola bilsin ki, bu, 2018-ci ildə baş versin.

- Kosmosdan söhbət düşmüşkən, Siz Yerin hamar olduğuna inanırsınız. Daha dəqiq desək, nəyə inanırsınız?

- Hesab edirəm ki, Yer hərəkətsizdir, amma başa düşmək lazımdır ki, yeddi il ateist olmuşam. Sadəcə, hər şeyin yalan olduğunu hesab edirdim: bütün müharibələr, heç bir hökumət yoxdur, dünyanı korporasiya idarə edir, hər şey yalandır.

Hər kəs hamıya yalan danışır. Sonra Yerin hamar olduğunu öyrəndim və dedim: "Bəli, bu məntiqlidir". Çünki Bibliyada da Yerin hamar olduğu deyilir. Sonra düşündüm: "Təyyarələr Yer kürəsi ətrafında uça bilməz, sualtı qayıqlar da suda üzə bilməz. Bütün dünyanın şəklini çəkmək mümkün olmaz, körpüləri, yolları saldıqda isə Yer haqqında unudurlar.

- Sizin fikrinizcə, Yer necədir?

- Bilmirəm! Bunun cavabını tapmamışam. Mən ekspert deyiləm. Sadəcə, çərçivədən kənara çıxan və hər şeyə şübhə ilə yanaşan oğlanam.

- Siz dediniz ki, kosmosa uçmaq istəyirsiniz. Burada əsas məqsəd Yerin hamar olduğunu sübut etməkdir?

- Bəli! Bizə cavab lazımdır, ancaq hər hansı dövlət kosmik agentliyinin cavabını qəbul etməyəcəyəm. Rusiya, ABŞ, Çin - bunlar vecimə deyil. Mən oraya uçacağam və özüm baxacağam. Özümlə kamera da götürəcəyəm. Yol boyu olanları ona danışacağam. Uçuş üç saat çəkəcək.

- Əgər siz kosmosa uçanda Yerin şar formasında olduğunu görsəniz, nə düşünərsiniz?

- Heç bir hədəfim yoxdur. Sadəcə, həqiqəti bilmək istəyirəm. Əgər mən bunun şar formasında olduğunu görsəm, sizə də deyəcəyəm. Niyə də yox?

- Gənc nəslə nə məsləhətiniz var?

- Hər şeyə şübhə edin, tənqidi yanaşın. Şaxta babaya, Pasxa dovşanına, nəyə istəsəniz, inana bilərsiniz, bu, mənim vecimə deyil. Sadəcə, maraqlanın ki, bu fikirlər haradan yaranıb.

Bundan başqa, əksər insanlar arzularının arxasınca getməkdən qorxurlar. İnsanlar təhlükəsizlik, sığorta, təqaüd planı istəyir. Təhlükəsizlik mövcud deyil. Hazırkı vaxt var - sabah və ya gələn həftə yoxdur. Elə düşünün ki, sizin yalnız bu gününüz var.

Ancaq ən vacibi odur ki, sadəcə, insanlarla yaxşı davranın.