Ağır atletika üzrə İraq yığma komandası Azərbaycan Ağır Atletika Federasiyasının mərkəzi məşq bazası olan AAAF Park Yaşayış Kompleksində təlim-məşq toplanışına başlayıb.
Unikal.org xəbər verir ki, qonaq milli ən azı iki həftə ölkəmizdə qalmağı planlaşdırır.
Bakıya yığma komandanın əsas üzvləri ilə gələn iraqlılar, qarşıdakı qitə və dünya səviyyəli yarışlara intensiv məşqlərlə daha yaxşı hazırlıq keçmək niyyətindədirlər. Bunun üçün AAAF Parkda yaradılan şərait gərəkən planı həyata keçirməyə imkan verir. Bunu İraq millisinin məşqçilər heyəti də təsdiqləyib. Qeyd olunub ki, bu Kompleksdə məşq, qidalanma, bərpa və istirahət baxımından bütün infrastruktur qurulub, heç bir problem yoxdur.
Bu, İraq millisinin ölkəmizdəki sayca ikinci toplanışıdır. Buna qədər, müxtəlif vaxtlarda Səudiyyə Ərəbsitanı, Oman, Misir və Mərakeş yığma komandaları da təlim-məşq toplanışı üçün AAAF Park Yaşayış Kompleksini seçiblər.
Əlavə edək ki, bir neçə gün əvvəl Azərbaycan Ağır Atletika Federasiyasınının nümayəndə heyəti 1-ci vitse-prezident Tofiq Heydərovun başçılığı altında Macarıstanın paytaxtı Budapeştdə işgüzar səfərdə olmuş, Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) baş ofisində bir sıra görüşlər keçirmişdi. Heydərovun IWF-in prezidenti Tamaş Ayanla da görüşündə cari və perspektivdə duran məsələlər haqda danışılmışdı. Tərəflər arasında razılaşmaya əsasən beynəlxalq təlim-məşq toplanışlarının Holdinqə məxsus məkanlarda, məsələn, AAAF Park tipli universal istifadəli komplekslərdə təşkilində ortaq məxrəcə gəlinmişdi.