Məlum olduğu kimi, Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında çıxış edən iki güləşçimiz medal qazanıb.
Unikal.org xəbər verir ki, sərbəst güləşçimiz Turan Bayramov və qadın idmançımız Şahanə Nəzərova mükafatçılar sırasına düşüb.
Bununla bağlı Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudov oxu.az-a açıqlama verib. O, Turan Bayramovun qalib gələcəyinə inandığını deyib:
"Bu, hamımızın uğurudur. İndiki yeniyetmələrimiz gələcəkdə böyüklər arasında nəticə verməyə namizəddir. Həm Turan, həm Şahanə gələcəkdə öz sözlərini deyəcəklər. Turan Bayramovu artıq uzun müddətdir ki, böyüklərdən ibarət yığmanın tərkibinə cəlb etmişik.
Keçən ildən təcrübəli güləşçilərlə, məsələn, yoxlama görüşlərində dünya çempionumuz Hacı Əliyevlə güləşib. Şəxsən millinin baş məşqçisi kimi onun çempion olacağına inanırdım. Nəticələr düzgün yolda olduğumuzu göstərir.
O, Avropa və dünya çempionu olduqdan sonra onun qarşısına ancaq Olimpiya çempionluğu məqsəd qoyulmuşdu. O, bundan sonra başını aşağı salıb gələcək çempionluqlar üçün çalışmalıdır. Biz özümüz də onun ulduz xəstəliyinə yoluxmasına imkan verməməliyik.
Görüşlər Argentinada keçirildiyindən bizim vaxtla gecə saatlarına düşürdü. Ancaq bütün görüşləri bir-bir izləmişəm. Məşqçilərlə, demək olar ki, hər gün əlaqə saxlamışam.