Bu gecə saat 02:00 radələrində Daşkəsən rayonunun Quşçu kənd sakini Pənah Tağıyevə məxsus evdə yanğın olub. Hadisədən xəbər tutan qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq 150 kvadratmetrlik ev tamamilə yanaraq külə dönüb.
Əmir Məmmədov - sakin: "Alov evi bürümüşdü. Təmiz yanır, uşaqların səsi gəlirdi. Amma alovu yarıb girmək olmadı. Yanğınsöndürənlərə zəng etdik onlarda gəldi. Ancaq gec idi.
Yanğından sonra polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçiriblər. Baxış zamanı otaqdan evin gəlini, Daşkəsən sakini 28 yaşlı Sevinc Tağıyevanın, onun azyaşlı övladları - 8 yaşlı Aysun, 6 yaşlı Sakit və 1 yaşlı Sadiq Tağıyevin, eləcə də ev sahibinin qız nəvəsi 11 yaşlı Günel Ədilxanovanın yanmış cəsədləri aşkarlanıb. Meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təqdim olunub.
Gecə saatlarında otaqların birində başlayan alov qısa zamanda bütün evi bürüyüb. Alov o qədər güclü olub ki, evdə olan 4 uşağı və bir ananın həyatını xilas etmək mükün olmayıb.
Ev sahibinin yaxınları və kəndin yerli rəhbərliyi Tağıyevlərin heç kimlə şəxsi ədavəti olmadığını bildiriblər. Yanğının ehtiyatsızlıqdan baş verdiyini güman edirlər.
Kərim Kərimov - Quşçu kənd icra nümayəndəsi: "Artıq ev yanırdı. Qonşuların köməkliyinə baxmayara qheç bir kömək edə bilmədik. Sonra Fövqəladə Hallar Nazirliyinin işçiləri gəldi. Yanğınsöndürənlərin köməkliyi ilə cəsədlər evdən çıxarıldı. Ailə sakit ailə olub, heç bir münaqişə olmayıb. Yalnız ehtiyatsızlıqdan baş vermiş hadisədir.
Əsgər Verdiyev - ailənin qohumu: "Zəng etdilər dedilər ki, ev kül olub. Gəldim ki, ev yanıb, meyitləridə çıxarıb aparıblar. Heç kimlə ədavətləri yoxdur. Fəhlə adamlardır.
İlkin ehtimallara görə, yanğın yataq otağında yanar vəziyyətdə olan odun sobasından çıxan qığılcımların təsirindən və yaxud da evin daxilindən keçən elektrik naqillərində yaranan qısa qapanmadan baş verib.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunun və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır.