Bakıda vəkil Janna Bağırova iki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədova ilə görüşüb.
Unikal.org xəbər verir ki, bu barədə "Report"a vəkil J.Bağırova məlumat verib.
Onun sözlərinə görə, müvəkkili hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
Vəkil qeyd edib ki, T.Səmədova özünü təqsirli bilmədiyini deyir və Nərimanov Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verilib: "Hüquqlarını müdafiə etdiyim şəxs ittihamları qəbul etmir, günahsız olduğunu söyləyir. Apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edən T.Səmədova barəsində bəraət hökmünün çıxarılmasını istəyir".
Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.
İstintaq orqanı tərəfindən T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub.