Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 21 yaşlı Mehman Balayarov rayon ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Unikal.org-a verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış zamanı cibində olan siqaret qutusundan çəkisi 2,7 qram təşkil edən qurudulmuş marixuana aşkar edilib.
M.Balayarovun ətrafında aparılan tədbirlərlə onun yaşadığı Zizik kənd ərazisində narkotik vasitə gizlətdiyi məlum olub. Polis əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə kənd ərazisində keçən çayın sahilinə baxış zamanı oradan sellofan torbada təmiz çəkisi 295 qram olan qurudulmuş marixuana aşkar edilib.
Saxlanılan şəxs narkotik vasitənin ona məxsus olduğunu və heç kimin tapa bilməməsi üçün çay kənarında gizlətdiyini bildirib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.