Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 1990-cı il 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.

Unikal.org xəbər verir ki, bəyanatda deyilir: “1990-cı il qanlı 20 Yanvar faciəsindən artıq 29 il keçir. Unudulması mümkün olmayan, insanlığa qarşı törədilmiş bu qatı cinayət hər dəfə ürək ağrısı ilə yad edilir. Yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunmuş həmin qanlı tarix həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, fəxr və şərəf günüdür. Bu hadisələr bir daha nümayiş etdirdi ki, xalqımız müstəqilliyinin, pozulmuş hüquqlarının bərpa olunması naminə savaşmaq əzmindədir.

Belə ki, 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində baş qaldıran erməni separatizminə keçmiş SSRİ rəhbərliyi tərəfindən dəstək verilməsi və ölkəmizə qarşı qərəzli mövqe nəticəsində adı çəkilən vilayətin idarə və təşkilatlarının tədricən respublikamızın tabeliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilməsi, soydaşlarımızın ağır işgəncələrə, zorakılıqlara məruz qalması xalqımızın səbrini tükəndirmişdi. Həmin dövrdəki Sovet hökumətinin göstərişi ilə xalqımızın haqlı etirazını boğmaq, Azərbaycanda genişlənən milli-azadlıq hərəkatının qarşısını almaq üçün 20 Yanvar qırğını törədildi.

Rəsmi faktlara əsasən bildiririk ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridilmiş, hərbi gəmilərlə gətirilmiş desant qrupları, tanklar və digər ağır hərbi texnikadan istifadə etməklə, dinc əhalini atəşə məruz qoymuş, bununla da beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəaları, fundamental insan hüquqları kobudcasına pozulmuş, doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı insanlıq əleyhinə qatı cinayət törədilmişdir.

Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 168 nəfər silahsız mülki şəxsi, o cümlədən uşaqları, qadınları və yaşlıları amansızcasına öldürmüş, paytaxtda və başqa ərazilərdə 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir. Həmin hadisələr zamanı hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılmış, nəticədə tibb işçiləri şəhid olmuş, yaralanmışlar. Qadağan edilmiş silah və sursatdan istifadə etməklə ölçüyəgəlməz dağıntılar törədilmişdir. Hadisə ilə bağlı məlumatın əhalidən gizlədilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkil etdiyi təxribat nəticəsində Respublika televiziyasının enerji bloku partladılmışdır.

O dövrdə Ümummilli liderimiz Heydər Əliyev bu qanlı hadisələrlə bağlı Moskva şəhərində Azərbaycan xalqı adından sərt bəyanat vermiş, 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etmişdir.

Qeyd olunmalıdır ki, həmin hadisələr xalqımızın iradəsini qıra bilməmiş və azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın öz müstəqilliyinin bərpası ilə nəticələnmişdir.

Prezident Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirmiş və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verilmişdir. 20 Yanvar tarixi respublikamızda hər il Ümumxalq Hüzn günü kimi qeyd olunur və həmin gün yüz minlərlə insan tərəfindən şəhidlər ehtiramla yad edilir.

Faciə zamanı qətlə yetirilmiş, müxtəlif millətlərdən olan Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar Şəhidi” fəxri adı verilmiş, habelə “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir, bu şəxslərə dövlət tərəfindən müavinət, şəhid ailələrinə isə Prezident təqaüdü verilir.

Hər il olduğu kimi, bu il də dünya ictimaiyyətinin diqqətini həmin qanlı hadisələrə yönəltmək məqsədilə müvafiq Sərəncamla “20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib və icra olunur.

Həmin dəhşətli faciə dinc əhalinin qırılmasına səbəb olub. Nəticədə BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulub. Lakin öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar hadisələrinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, qanlı aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb.

Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.

O dövrdə Sovet dövlətinin rəhbərliyi beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, həmin cinayətlə Ermənistana dəstək vermiş, nəticədə Azərbaycana qarşı uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş vermiş, respublikamızın torpaqlarının 20 faizi zəbt edilmiş, Ermənistan ərazisindən, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf yeddi rayondan yerli azərbaycanlı əhali zorla qovulmuşdur. Bu hadisələr kütləvi şəkildə dinc əhalinin fundamental hüquqlarının pozulması ilə nəticələnmiş və indiyədək bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır.

Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə mütəmadi olaraq səylər göstərir, təşəbbüslər irəli sürür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev münaqişənin sülh yolu ilə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini dəfələrlə və qətiyyətlə nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Baş Məclisinin tribunalarından bəyan etmişdir. Bu isə nüfuzlu beynəlxalq qurumların müvafiq qərarlarında, o cümlədən Avropa Parlamentinin 12 dekabr 2018-ci ildə qəbul etdiyi və Azərbaycanın ərazi bütövlüyü bir daha vurğulandığı Qətnamədə öz əksini tapmışdır.

Qeyd olunmalıdır ki, 29 il əvvəl törədilmiş 20 Yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər, eyni zamanda bu qətliamın icrasına əmr verənlərin və törədənlərin, ən əvvəl isə o vaxtki Sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar mövcuddur.

Bu kimi halları törədənlərin cəzalandırılmaması dünyanın hədəflədiyi əsas prioritetlərinə, BMT-nin prinsiplərinə, Dayanıqlı İnkişaf Məqsədlərinə ziddir.

Biz dünya ictimaiyyətini və beynəlxalq qurumları Azərbaycan xalqının haqlı tələblərini dəstəkləməklə, insanlıq əleyhinə bu cinayəti törətmiş şəxslərin layiqincə cəzalandırılması naminə bu qanlı aksiyaya beynəlxalq hüquqi qiymət verməyə çağırırıq”.

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-ə, YUNESKO-ya, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.