İspaniyanın “Barselona” klubunun sabiq prezidenti Sandro Rosselin məhkəməsi başa çatıb.

Unikal.org-un məlumatına görə, İspaniyanın milli məhkəməsi S.Rossellə bağlı ittihamları sübuta yetirə bilməyib.

Pulların yuyulmasında şübhəli bilinən funksionerlə yanaşı, onun həyat yoldaşı Marta Pineda və bir neçə şəxs də müttəhimlər kürsüsündə əyləşiblər.

Bu ilin fevralında başlayan məhkəmə prosesi onların “Nike” ilə sponsorluq müqaviləsi zamanı Braziliya millisinin 24 oyununa audiovizual hüquqların ilə bağlı pulların yuyulmasında şübhəli bilinməsini araşdırıb.

İspaniya prokurorluğu S.Rosselin 11 il azadlıqdan məhrum edilməsi və çoxmilyonluq cəriməylə üzləşməsini istəyib. Sonradan prokuror cəzanın 6 ilə endirilməsi tələbi ilə çıxış edib.

Lakin məhkəmə 50 yaşlı funksionerə bəraət verib. Çünki ona qarşı yönələn ittihamlarla bağlı faktları əsassız, günahı sübut olunmamış sayıb.

Qeyd edək ki, 2010-14-cü illərdə “Barselona”nın prezidenti olmuş S.Rossel istintaqın getdiyi dövrdə 1 il 9 ay həbsdə keçirib.