Ölkənin qənnadı sektorunun öndə gedən müəssisələrindən olan Ulduz Şokolad Fabriki hər zamankı kimi yeni əməkdaşlıqlara doğru addım atır. Fabrik istər xarici, istərsə də yerli müəssisələrlə fərqli müstəvilərdə əməkdaşlığın tərəfində və əlaqələrin inkişafında maraqlı olub. Belə ki, fabrik ötən günlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qida sənayesinin tədrisi ilə məşğul olan müəllim kollektivini qəbul edib.
Unikal.org xəbər verir ki, görüşün əsas məqsədi UNEC nümayəndələrinin simasında nəzəriyyəçilərin və Fabrik mütəxəssislərinin simasında icraçıların görüşünü təşkil etmək, fikir mübadiləsi aparmaq, həmçinin ortaq problemlərdən danışmaq olub. Görüşdə UNEC standartlaşma və sertifikasiya kafedrasının müdiri, Prof.Zabit Aslanov, Qida məhsullarının texnologiyası kafedrasının müdiri, dosent Mehriban Məhərrəmova, İstehlak mallarının ekspertizası kafedrasının dosenti Azər Hüseynov və digərləri; fabrikdən isə Texnologiya departamentinin direktoru Mahirə Cabbarova, Araşdırma və İnkişaf şöbəsinin müdiri Fatih Reyhan, Keyfiyyət Şöbəsinin müdiri Lalə Qasımova, Laboratoriya müdiri Səadət Xəlili və digərləri dəyirmi masa ətrafında bir sıra məsələləri müzakirə ediblər. Belə ki, fabriklə əməkdaşlıq yolunda qonaqlar tərəfindən universitet tələbələrinə real iş mühitində təcrübə keçmək, mütəmadi seminarların təşkil olunması, yeni reseptlərin birgə işlənməsi və s. kimi bir sıra təkliflər səsləndirilib. Fabrik nümayəndələri də öz növbəsində universitetdən gələn tələbələrlə bağlı tələb və ehtiyaclarını, yardım edə biləcəkləri məqamları qeyd ediblər.
Görüşün davamı istehsalat sahəsində keçib. Sahə rəisinin bələdçiliyi ilə istehsalat gəzintisində müəllimlərə istehsal xətləri, istehsal olunan məhsullar və sözügedən sahənin digər məqamları ətraflı şəkildə izah olunub.
Yekunda tərəflər bir-birinə qarşılıqlı olaraq təşəkkürlərini bildirib, xatirə şəkli çəkdirilib.