Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Bəxtiyar Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Unikal.org "Ölkə.Az-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə B.Əhmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında onun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə ötən il Nizami rayonu “Xalqlar Dostluğu” metro stansiyasının ətrafında baş verib. Şəhər sakini Bəxtiyar Əhmədov münaqişə zəmində tanışı Fikrət Salmaovu bıçaqlayıb. Fikrət Salmanov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Təqsirləndirilən B.Əhmədov məhkəməyə ifadəsində 13 illik dostunu bir sözünə görə öldürdüyü deyib:
Hadisə günü Fikrət mənə zəng elədi. Neftçilərdə restoranda oturmuşdu. Məni də dəvət elədi. Gedəndə gördüm ki, bir nəfər qızla oturub. Həmin qızı tanıyırdım, Fikrətlə sevgili idi. Onlar içki içirdilər, mən də onlarla əyləşdim. Çox içmədim. Hardasa 50-100 qram içmişdim. Fikrət mənə dedi ki, 10 manat lazımdır, verdim. Fikrət dedi ki, gedək, etiraz elədim, çünki içkili idik. Dedim ki, yolda polis bizi saxlayacaq. Amma mənə qulaq asmadı. Biz dostuq, polis saxlasa, 500-600 cərimə yazacaqdı. Gərək yarısını da mən verərdim. Dedim ki, gəl, ayıq sürücü çağıraq, 5 manat verək bizi aparsın. Dedi ki, yox, özümüz gedək”.
Bəxtiyar Əhmədov ifadəsinin davamında hadisə barəsinə danışıb. O qeyd edib ki, bütün söhbətlər bundan sonra başlayıb:
“Maşına minəndə dedi ki, yolda polis saxlasa, özümü karlığa qoyacam, sən də lal kimi apar. Sonra qayıdıb ədəbsiz söz dedi. Bildirdi ki, polis saxlasa arxada oturan qızın sənin arvadın olduğunu deyərik. Bu söz məni tutdu. Əsəbləşdim, dedim ağzından çıxan kəlməyə fikir ver. Mübahisəmiz düşdü. Qayıdıb dedi ki, ” guya sənin arvadın ondan artıqdır?”. Bu sözündən sonra aramızda dava dalaş düşdü. Parkın qırağında düşdük. Mən gözləyirdim ki, məndən üzrxahlıq edəcək. Etdiyi sözə görə üzr istəyəcək. Amma əksi oldu. Artıq gözləri bərəlmişdi, qışqırırdı. Əlimdən çıxan kimi çox sürətlə qaçdı. Mən də maşına tərəf getdim. Maşını yolun kənarına çəkdim, qızı da taksi ilə yola saldım. Özüm də evə getdim. Onu vurduğumu bilmirəm. Nəyinki onu öldürmək, heç ona xəsarət yetirmək niyyətim də olmayıb”.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.
Məlumatda qeyd edilib ki, hər iki şəxs spirtli içkinin təsirində olub.